Əsas Səhifə > FUTBOL > "Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"


30-08-2022, 13:34


"Hamı həmin epizodda penalti olduğunu gördü. Penalti verilmirsə, VAR sistemi nəyə lazımdır".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Məqsəd İsayev "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçındakı mübahisəli penalti epizodu barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi 35-ci dəqiqədə rəqib futbolçu Abdulaye Banın əllə oynadığını bildirib: "Bu görüşdə ilk qolu vuran komanda qalib gələcəkdi. Penalti verilsəydi, matç tamam başqa cür olardı. Hakimin niyə VAR-a baxmadığı mənə çox maraqlıdır. Danışılası çox şey var. Amma çox danışmaq istəmirəm. Ümid edirəm ki, bu mövsüm komandamız üçün çox yaxşı keçəcək".

İsayev qarşılaşmaya yaxşı başladıqlarını sözlərinə əlavə edib: "İlk hissədə hücum edən tərəf biz idik. Bəzi məqamlarda dəqiq olsaydıq, hesabda önə də keçə bilərdik. Amma ikinci yarıda boşluqlar verdik. Xırda səhvlər də oyunun taleyini həll etdi".

Müdafiəçi V turun "Zirə" ilə səfər matçına ciddi hazırlaşacaqlarını söyləyib: "Həmin görüşdə bacardığımız qədər diqqətli olmalı, səbrli davranaraq öz oyunumuzu sərgiləməliyik. Belə etsək, yaxşı nəticə qazanacağıq".

Qeyd edək ki, "Qəbələ" 4 oyundan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.

Şəffaflıq.az


Geri qayıt