Əsas Səhifə > ELM VƏ TƏHSİL / Gündəm > “Mağazalar tələbələrə etdiyimiz endirimdən narazılıq edirlər” - Kitab baha, problem isə dərindir

“Mağazalar tələbələrə etdiyimiz endirimdən narazılıq edirlər” - Kitab baha, problem isə dərindir


27-08-2022, 18:57



Naşirlər etiraf edirlər ki, kitabın qiyməti orta aylıq məvacibə görə bahadır. Amma onlar bunun bir sıra səbəblərinin olduğunu da bildirirlər. ƏDV götürülsə də, kağızın qiyməti durmadan artır.  

Mövzuyla bağlı mətbuatda yayılmış məlumatları olduğu kimi biz də təqdim edirik:

Bu gün informasiya texnologiyalarının çox geniş vüsət aldığı və hətta həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir vaxtda sanki kitaba maraq yenidən canlanıb. Amma mütaliə həvəsi artsa da, kitab satışında müəyyən problemlər var. 

Artan kağız qiyməti

“Mücrü” nəşriyyatın direktoru, yazıçı Müşfiq Xan deyir ki, kitab sektorunda ən ağrılı, ən nagüman, ən ümidsiz yer kağızın qiymətidir:

“Kitab üzərindən ƏDV götürüldü, düşündük ki, xeyrimizə olar. Amma vəziyyət daha da pisləşdi. Ölkəmizə gətirilən kağızın qiyməti dayanmadan artır. Kağız və çap üçün ləvazimatların yerli istehsalı olmadığı, xaricdən gətirildiyi üçün qiymətlər çox bahadır. Bu da ona gətirib çıxardır ki, kitabların qiyməti orta statistik azərbaycanlının büdcəsinə uyğun gəlmir. Hamı gileylənir, amma biz bunun qarşısını ala bilmirik. Buna görə də, yaxşı tərcüməçilərlə işləməyə tərəddüd edirik. İşləmək istəyirik, amma yaxşı qonorar verə bilmədiyimizə görə alınmır. Nəşriyyatlar qeyri-peşəkarlarla, gənc kadrlarla işləməyə məcbur olur çox vaxt. Bu da nəticədə xarici ədəbiyyatın tərcüməsində oxucunun mütaliə zövqünə uyğun olmayan bir keyfiyyətdə kitab ortalığa çıxmasına səbəb olur. Bu da kitab dövriyyəsinə təsir edir, əlbəttə ki. Bunun da nəticəsində ikinci əl kitabların satışı və ya bir kitabın ötürhaötür prinsipi ilə oxunuşu daha çox irəli keçir”.

Dövlət dəstəyinə ehtiyac var

Müşfiq Xan başqa problemlərə də aydınlıq gətirdi: 

“Bir başqa problemimiz kitab sərgiləri, yarmarkaları idi. Bu il bu işdə xeyli irəliləyiş oldu. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Yeddinci kitab sərgi-yarmarkası təşkil olundu. Deyilənə görə, bu tədbir iki ildən bir yox, hər il baş tutacaq. Dekabr ayında ikinci dəfə Milli kitab satış sərgisi keçirildi. Bütün bunlar kitab satışı, kitab yayımı üçün müsbət notlardır. Bundan başqa, “Soyuq əllər, isti ürəklər”də də digər əmtəələrlə yanaşı, kitab satışı da oldu. Bizim də səyyar kitab sərgi-yarmarkası layihəmiz var.

Bunu əvvəllər Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə etmişdik. İndi yenidən həyata keçirmək fikrimiz var. Ölkəmizin müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakının ayrı-ayrı kəndlərində sərgi-yarmarkaları keçirmək niyyətindəyik. Bölgələrdə yeni kitablarla bağlı çox az məlumat var. Məqsədimiz müəlliflərin, əsərlərin təbliğatı və eyni zamanda da, satışıdır. Nəticədə yeni kitablar çap etmək və yerli müəlliflərin kitablarını da ölkə xaricinə çıxarmaqdır. Bununla əlaqədar artıq Avropa ölkələri ilə iki layihəni həyata keçirmək üzrəyik. Birini artıq Portuqaliya ilə gerçəkləşdirmişik. İki yaşlı nəşriyyat üçün hələ ki bunları edə bilmişik. Baxmayaraq ki, nəşriyyatımızın yaşı azdır, amma biz özümüz bu sahəylə artıq 16-17 ildir ki, məşğuluq.

Ümidlərimiz böyükdür, təbii ki, dövlət dəstəyinə çox ciddi ehtiyacımız var. “Mücrü” iki illik fəaliyyətində heç bir dövlət dəstəyi görməyib, düşünürəm ki, elə bizim kimi digər nəşriyyatlar da görməyib. Cəmi bircə dəfə bu il Mədəniyyət Nazirliyi kitab kollektorlarına kitab alınmasını həyata keçirib. Bu  da bir dəstəkdir. Ən azından  kitabxanalar, oxucular nəşriyyatların hansı işlər gördüyündən xəbər tutacaqlar”. 

Nə nəşriyyat lazım olar, nə də dükan

“Bir çox nəşriyyatların kitab dükanı yoxdur, elə “Mücrü”nün də. 80-dən çox satış yerində kitablarımız satılır. Nəşriyyat bütün xərcləri hesablayıb kitaba arxa qapaqda qiymət qoyur. Topdan satanlar kitabları nəşriyyatdan 40-45-50 faiz endirimlə alır. Nəşriyyatların satış nöqtələri açıb, kitabları bilavasitə özünün aparıb satmaq imkanı yoxdur. Bunun nəqliyyat və təşkilati işləri var. Ona görə bu işi topdan satanlarla görməyə məcburdur. Hesab etmirəm ki, kitab satışı ilə məşğul olanlar bu işdə pul qazana bilmir. Yəni kitabın gəlirinin 40 faizi  satışı təşkil edənə düşürsə, məncə, az deyil.

Mağazalar ən çox tələbələrə etdiyimiz endirimdən narazılıq edirlər. Məsələn, onlara 40 faiz endirimlə veririksə, 60-70 faiz endirim tələbələr üçün edirik. Biz istəyirik ki, kiçik büdcəli tələbələr də kitab oxusun. Təbii ki, hansısa mağaza gəlib ondan bir neçə ədəd ala bilməz. Dəfələrlə olub ki, cəhd göstəriblər, qarşısını almışıq. Çünki bu endirim ancaq tələbələr üçün nəzərdə tutulub. Amma bir məsələ də var ki, bu iş zəncirvari bir işdir. Mağazalar olmasa, nəşriyyatların işi yarımçıq qalar, oxucular olmasa, ümumiyyətlə, nə nəşriyyat lazım olar, nə də dükan”, - deyir Müşfiq bəy.

Valideyn yanaşması

“Libraff” mağazalar şəbəkəsinin satınalma üzrə mütəxəssisi Cavid Hacızadə isə kitab satışında azalmanı daha çox texnologiya ilə bağlı görür:

“Texnologiya dövründə yaşayırıq, insanlar kitabları çox vaxt elektron variantda yükləyib oxuyurlar. Bu da, təbii olaraq kitab satışına təsir edir. Bundan  başqa, kitabların qiymətinin münasib olmaması, yəni orta aylıq əməkhaqqına görə bir qədər baha olması da satışa mənfi təsir edir. Bir az da valideyn yanaşması böyük rol oynayır. Valideynlər gərək erkən yaşlarından uşaqları kitab oxumağa-mütaliəyə alışdırsınlar. Kiçik yaşlarından başlayan bu vərdiş böyüklükdə də davam edəcək. Və onlar da öz övladlarına bunu aşılayacaq. Və beləliklə, mütaliə edən insanların sayı artacaq, analoji olaraq da kitab satışı artacaq.

ƏDV-nin götürülməsi yaxşıdır, amma kitabların qiyməti yenə də insanların büdcəsinə uyğun deyil. Bununla bağlı müəyyən işlər görülsə, yaxşı olar. İndi daha çox “44 fəsil”, “44 gün anbaan”, “Xəmsə”, həmçinin psixoloji və motivasiya kitabları satılır. Uşaq ədəbiyyatına gəlincə isə 0-3 yaş arası kitablar və bir də klassik uşaq ədəbiyyatına tələbat çoxdur. “Tom Soyerin macəraları”, “Dəfinələr adası” və s. əsərlər daha çox alınır”.

Şəffaflıq.az



Geri qayıt