Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Qazaxıstan prezidentləri Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə tanış olublar
Azərbaycan və Qazaxıstan prezidentləri Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə tanış olublar24-08-2022, 23:58 |
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə tanış olublar. Şəffaflıq.az xəbər verir ki, qazax xalqının milli geyimində olan qızlar dövlət başçılarını çörəklə qarşıladılar. Prezidentlərə yurta barədə məlumat verildi. Bildirildi ki, avqustun 1-də açılan “Qazax yurtası”nda dost və qardaş ölkənin turizm potensialı təqdim edilir. Avqustun 31-dək davam edəcək bu aksiyada “Welcome to KZ” informasiya-turizm mərkəzi tərəfindən ziyarətçilərə Qazaxıstanın müasir istirahət mərkəzləri, tarixi və adət-ənənələri, “Qazaxıstan” mehmanxanası, “Şımbulak” dağ-xizək kurortu, “Air Astana” aviaşirkəti, “Baykonur” kosmodromu, “Kıran” milli şahin ovu mərkəzi və digər turizm məkanları ilə bağlı ətraflı məlumat verilir, təqdimatlar nümayiş olunur, mədəni, konsert və əyləncə proqramları keçirilir. Yurta ziyarətçilərin Qazaxıstanın müasir inkişafı, mədəni və gəzməli-görməli yerləri, ölkənin tarixi və ənənələri ilə tanış olmaq, qədim köçərilərin dünyasına daxil olmaq, Böyük Çöl ölkəsinin melodiyalarını dinləmək, milli təamlarının dadına baxmaq imkanı yaradır. Tanışlıq zamanı bildirildi ki, ənənəyə görə qazax milli süfrəsi ən hörmətli qonaqlar üçün açılır. Qeyd edək ki, çoxəsrlik dostluq tellərinə və ümumi tarixə malik iki qardaş xalqın mənəvi yaxınlaşmasına və mədəni qarşılıqlı zənginləşməsinə yönələn bu tədbirlər Qazaxıstan səfirliyinin, “Discover Almaty” turizm şirkətinin, “Air Astana” aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə təşkil olunub. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev qazax musiqi qrupunun ifasını dinlədilər. Geri qayıt |