Əsas Səhifə > HƏRBİ / Gündəm > Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yeni görüntüləri yayılıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yeni görüntüləri yayılıb18-08-2022, 22:35 |
Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yeni görüntüləri yayılıb. Şəffaflıq.az xəbər verir ki, kadrlarda yolun 81-101-ci km-lərinin inşasını həyata keçirən “AzVirt” MMC-nin gördüyü işlər yer alıb. Ümumi uzunluğu 123,8 kilometr olan yolun təməli 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı qoyulub. Yol işğaldan azad edilmiş ərazilərin inkişafı üçün əhəmiyyətli olan 10 yol-infrastruktur layihələrindən biri hesab edilir. Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43,8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edəcək. Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri yerlərdə ümumi uzunluğu 6 015 metr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunur. Belə ki, hazırda 8 körpünün təməl və svay işləri görülür. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Geri qayıt |