Əsas Səhifə > SİYASƏT > “Bəzi deputat həmkarlarım siyasətçiyə yaraşmayan fikirlər səsləndirir” - Çingiz Qənizadə

“Bəzi deputat həmkarlarım siyasətçiyə yaraşmayan fikirlər səsləndirir” - Çingiz Qənizadə


9-09-2019, 22:56

 


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə həmkarı Eldar İbrahimovun mətbuatda yer alan “müxalifət nümayəndələrinin bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu” fikirinə münasibət bildirib.

Şəffaflıq.az xəbər verir ki, Çingiz Qənizadə unikal.org-a açıqlamasında deyib:

“Əvvala, Eldar müəllimin özünün tərəfinin hara olduğunu başa düşə bilmirəm. Əgər hər hansı bir şəxs cənab prezidentin mövqeyini, siyasətini dəstəkləyirsə və belə olan halda kimsə olanları xəyanətkar adlandırırsa, bu siyasətçiyə yaraşmayan bir şeydir. Mən təkcə Eldar müəllimin yox, son vaxtlar bəzi deputat həmkarlarımı siyasətçiyə yaraşmayan formada cəmiyyətə açıqlama vermələri və cəmiyyətdə mübahisəyə səbəb olan müəyyən fikirlərin ortaya atmalarını qətiyyətlə pisləyirəm.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova və Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədova təşəkkür edirəm ki, onlar “bu cür ifadə işlədən deputatlara” çox qısa, lakonik və prezidentin mövqeyini əks etdirən fikirlərini bildirdilər.

Hər ikisi çox sağ olsun. Yenə deyirəm bu cür açıqlamaların verilməsi düşünülməmiş, siyasətçiyə yaraşmayan bir fikirdir. Əli müəllimin dediyi kimi axı, cənab prezident də qeyd edib ki, “Mən bütün azərbaycanlıların prezidentiyəm.” Kim onu prezident görür və yanındadırsa, onun keçmişinə görə o adamları xəyanətkar adlandırmaq hesab edirəm ki, bu başa düşülən deyil.

Mən başqa ifadə işlətmək istəmirəm. Sadəcə Bakıda deyiləm. İki gündür bunları oxuyub, fikirləşirəm ki. görəsən nə baş verir? Bu insanlar kimin sözünü demək istəyir? Əgər prezidentin komandasındadılarsa bu cənab prezidentin mövqeyi deyil”.

Ç.Qənizadə Eldar İbrahimovun mətbuatda son açıqlamasına da etiraz edib:

“Eldar İbrahimovun “Fikirlərim düzgün başa düşülməyib, “düşmən” fikrimi indiki deputatlara aid etməmişəm. Parlamentdə təmsil olunan patiyaların nümayəndələri iqtidarın deputatları kimi mənə əzizdir” –ifadəsi özü belə yanlışdır. Onun son açıqlamasının özü belə, əvvəlki fikirlərində qaldığı hiss olunur. Açıqlamasında nə demək istəməsi isə tam başa düşülən deyil. O, son açıqlamasını Əli Əhmədov və Əli Həsənovdan qabaq versəydi bəlkə də başa düşülən olardı”.

Qeyd edək ki, E.İbrahimovun “Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək” fikri də müzakirələrə səbəb olub.
Geri qayıt