Əsas Səhifə > SON XƏBƏR > Bakıda Türk Dövlətləri Təşkilatının prokurorları görüşüb

Bakıda Türk Dövlətləri Təşkilatının prokurorları görüşüb


9-08-2022, 14:24


2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilən Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurası çərçivəsində Azərbaycan Baş Prokurorluğunun təşkilatçılığı ilə cari ilin avqustun 8-də “Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi: mövcüd vəziyyət və çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib.

Bu barədə Şəffaflıq.az-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, seminarda Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının baş prokurorluqlarının nümayəndə heyətləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini iştirak edib.

Qonaqlarla görüşən Azərbaycan Baş prokuroru Kamran Əliyev böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçiriləcək seminarın regional təhlükəsizlik, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.

Seminarın açılış mərasimində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov və Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Qismət Gözəlov Şuraya üzv dövlətlərin prokurorluq orqanlarının gənc əməkdaşları üçün keçirilən seminarda ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasındakı münasibətlərin genişlənməsinə öz müsbət təsirini göstərəcəyini vurğulayıblar.

Bakı Dövlət Universitetinin dosenti Sevinc Ruintən türk dövlətlərinin tarixi, qədim dövlətçilik ənənələri, milli mənəvi dəyərləri haqqında mühazirə ilə çıxıb edib.

Daha sonra seminar prokurorların təqdimat və çıxışları ilə işini davam etdirib,
səmərəli fikir mübadiləsi aparılıb.

Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasına üzv dövlətlərin prokurorlarının ölkəmizə səfəri davam edir.


Geri qayıt