Əsas Səhifə > Gündəm > AADA-nın təşkilatçılığı ilə «Qafqaz Motor Şou - 2022» avtomobil sərgisi keçirilir

AADA-nın təşkilatçılığı ilə «Qafqaz Motor Şou - 2022» avtomobil sərgisi keçirilir


30-07-2022, 22:12



Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) növbəti dəfə avtomobilsevərlər üçün Qəbələ şəhərində «Qafqaz Motor Şou - 2022» avtomobil sərgisi günləri başlayıb. «TEZ: Təhlükəsizlik, Ekologiya, Zövq» - devizi altında baş tutan sərgi ilə bağlı mətbuat konfransı keçirilib.

AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev sərgi haqqında məlumat verib:

“Azərbaycan avtomobil sektorunda mövcud vəziyyət və problemləri öyrənməyə çalışdıq. Çox maraqlı bir tendensiyaya rast gəldik. 2020-ci ilə qədər satışlar getdikcə artmaqda idi. Ötən illərlə müqayisədə 67 faiz artım müşahidə edilmişdi. 2022-ci ilin 5 ayına nəzər salsaq ilk dəfə azalma müşahidə etdik. 2021-ci ilin ilk 5 ayında 31 min 20 avtomobil satılmışdı. Bu ilin ilk 5 ayı ərzində 28 min 681 avtomobil satılıb. Bu isə, 8,4 faiz azalma deməkdir. Bu il avtomobillərin idxalında əmsal tətbiq olunmağa başlandı. Amma idxal prosesi davam edir və avtomobil parkı köhnəlir. 2018-ci ildə biz araşdırma aparmışdıq. Azərbaycanda avtomobil parkının 77 faizi yaşı 10 ildən artıq olan avtomobillər idisə, bu gün avtomobil parkının 80 faizi yaşı 10 ildən artıq olan avtomobillərdir. Avtomobil parkının 15 faizi 5-10 ilə qədər yaşı olan avtomobillər, 3 faiz 3-5 ilə qədər, 2 faizə qədər isə yaşı 2 ilə qədər olan avtomobillərdir. 2016-cı ildən 2021-ci ilə qədər avtomobillərin idxalı baxın necə sürətlə artmışdı. Demək olar ki, 20 dəfə artım olub”.

Mütəxəssis bildirir ki, avtomobil parkının köhnəlməsi təhlükəsizlik baxımından çox təsirlidir. Ekologiyaya, insanların sağlamlığına zərər vurur.

“Çox zaman bizə deyirlər ki, siz istəyirsiniz ki, yalnız zəngin insanlar avtomobil istifadə etsinlər. Əslində bizim təkliflərimizin ikinci hissəsi avtomobil kreditlərinin yeni yanaşmanın tətbiq olunmasıdır. Avtomobillərin kreditlə satılması üçün yeni maliyyə sxemlərinin təşkil edilməsi təklif edilir” - deyə o əlavə edib.

Hüquqşünas Ərşad Hüseynov isə qeyd edib ki, Azərbaycanda da ekoloji avtomobillərin geniş yayılması və yaxud avtomobillərin ekoloji təsirlərinin yaxşılaşdırılması üçün tədbirlər nəzərdə tutulur.

“Təəssüf olsun ki, onların əksəriyyəti kağız üzərindədir. İlk olaraq 2018-ci ildə “Yol hərəkətinin təhlükəsizliyinə diar” 5 illik dövlət proqramı qəbul olundu. Burada xüsusi bölmələrdən biri də ekoloji avtomobillərin Azərbaycana gətirilməsinin təşviqi, bunun üçün iqtisadi, hüquqi, maliyyə tədbilərinin görülməsidir. Bu tədbirlərdən yəqin ki, avtomobil dilerlərinin məlumatı var.

Bu yaxınlarda isə, sosial-iqtisadi inkişaf strategiyası tətbiq olundu. Burada da yenə ekoloji məsələlər qoyulub. Hədəf ondan ibarətdir ki, köhnə avtomobillərin dövriyyədən yavaş-yavaş çıxarılması və buna qarşı olaraq ekoloji təmiz avtomobillərin Azərbaycana gətirilməsi, yeni stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir” - deyə o əlavə edib.

Ekspert bildirib ki, bzəi insanlar bu prosesdən qorxurlar. Elə düşünürlər ki, köhnə avtomobilləri əllərindən alınacaq və onlar avtomobilsiz qalacaq. Bunun olmaması üçün isə, insanları başa salmaq lazımdır ki, onlar avtomobilsiz qalmayacaqlar.

Ərşad Hüseynov həmçinin qeyd edib ki, köhnə avtomobillərin utilizasiyası ilə proqram gözəl yazılsa da, həyata keçirilməsi sual altındadır. Bu səbəbdən də bəzi düzəlişlərə ehtiyac var.

“Avtoparkımız çox qocadır. İnsanlara izah etmək lazımdır ki, ətraf mühitin qayğısına qalmaq bir mədəniyyətdir. Bunu köhnə avtomobillərin utiliziasiyası ilə həyata keçirmək mümkündür. Bank kreditlərinin yaxşılaşdırılması vacibdir” - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, taksi parkını, yük avtomobilləri parkını və s. yeniləmək lazımdır.

Daha sonra tədbirdə iştirak edən digər ekspertlər öz düşüncələrini bölüşüblər. “avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı qeyd edib ki, Avropa ölkələrinin təcrübəsinə nəzər salanda Azərbaycanın elektromobil və ekoloji avtomobillər keçidi 2060-cı ildə belə xəyal olaraq qala bilər. Çünki Türkiyə ekoloji təmiz avtomobillərə keçid üçün 2040, Avropa isə 2035 ili götürüb.

O, qeyd edib ki, yaxın günlərdə elektromobil və ekoloji avtomobillər üçün idxal rüsumlarında güzəştlər gözlənilir.

“Gələcəkdə aksiz vergisi ilə bağlı məsələləri də gündəmə gətirmək olar. Tutaq ki, bu tip avtomobilləri simvolik bir ədəd gətirib çıxardıq. Bəs digər avtomobillər üçün nə kimi güzəştlər nəzərdə tutulub. Məsələnin iqtisadi aspektlərini nəzərə almaq lazımdır. Onların da fəaliyyət göstərməsi üçün imkanlar yaradılmalıdır” - deyə o qeyd edib.

AADA-nın ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Eyyub Əliyev bildirib ki, işçi qrupu yaradılıb.

“Bizə işçi qrupu tərəfindən tapşırılmışdı ki, ekoloji təmiz avtomobillərin təbliği ilə bağlı tədbirlər keçirilsin. Biz may ayında iki önəmli tədbir həyata keçirdik. Biri elektromobil və ekoloji təmiz avtomobillərin yürüşü digəri isə, təmiz ekoloji mühitlə bağlı rəsm müsabiqəsi idi. 10 may tarixində ölkədə ilk dəfə ekoloji avtomobillərin yürüşü baş tutdu.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlərin təşkili AADA-ya həvalə olunub. Belə tədbirlərdən biri də məktəblilər arasında elan olunmuş müsabiqədir. Yürüşlə bağlı məlumatlar aparıcı media qurumlarında işıqlandırıldı. Rəsm müsabiqəsi isə, mayın 28 də və iyun ayında isə mükafatlandırılma mərasimi keçirildi. Hər iki tədbir uğurla başa çatdı. Rəsm müsabiqəsi “Gələcəyin Ekoloji Avtomobili” adlanırdı. Müsabiqədə uşaqlara ənənəvi yanacaqla deyil, elektrik və ya digər alternativ enerji ilə hərəkətə gələn avtomobil təsvir etmək təklif olunmuşdu".

“Hazırda işçi qrupunun əsas işi banklarda kreditlərlə bağlıdır. İlkin ödəniş və illik faiz dərəcəsi ilə bağlı müzakirələr aparılır. Müzakirələrdə müxtəlif banklar iştirak edir. Sentyabr ayında yekun qərarla bağlı məlumat veriləcək” - deyə Eyyub Əliyev əlavə edib.

Sonra avtomobil dilerləri və ekoloji avtomobil sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri çıxış edərək, ekoloji avtomobillərin tətbiqi ilə bağlı düşüncələrini dilə gətiriblər.

Tədbirin sonunda Natiq Zərbəliyev bildirib ki, avtomobillərin sərgisi 30-31 iyul tarixlərində 11.00-23.00 saatları arasında davam edəcək.

Şəffaflıq.az


Geri qayıt