Əsas Səhifə > ƏSAS XƏBƏR / SON XƏBƏR > Məhərrəm ayının başlaması ilə bağlı MÜRACİƏT
Məhərrəm ayının başlaması ilə bağlı MÜRACİƏT29-07-2022, 15:40 |
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyul ayının 30-na, Aşura günü isə avqust ayının 8-nə təsadüf edir. Əsrlər boyu Azərbaycanda ənənəvi olaraq qeyd edilən Məhərrəm ayının Aşura günü - İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişməsi dünya tarixində qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilməlidir. Peyğəmbərimiz Məhəmməd salavatullahın əziz nəvəsi Həzrət Hüseynin (ə) bu mənəvi qələbəsi dünyada zülm və haqsızlığa qarşı mübarizənin bariz nümunəsidir. İslam fəlsəfi məktəbinə görə, Aşura - insana İman şüarı olan “Allahdan başqa ibadətə layiq heç bir varlıq yoxdur” zikrini əməli halda sübuta yetirən və İslam dininin yaşadılmasını təmin edən özəl günlərdən biridir” Müraciətdə vurğulanır ki, Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirib, din, Vətən və ailə şərəfi uğrunda fədakarlığın və mükəmməl əxlaqın parlaq təzahürünü yaradıblar: “Bu mənada İmam Hüseyn məktəbi - Allah, Vətən və xalq naminə şəhadətin nümunəvi göstəricisi, mənəvi-əxlaqi dəyərlər müstəvisində danılmaz yeri olan dini-tarixi örnəkdir. İmam Hüseyn əleyhissalamın müqəddəs xatirəsinin və Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq, ailə naminə şəhidlik məktəbinin əbədi təcəssümüdür. Həmd olsun Allaha ki, Məhərrəm ayını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu dualar etdiyimiz zəfər dönəmində qarşılayırıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizə dualar edirik. Qarabağda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü və müdrik dövlət başçımızın sayəsində reallaşan arzularımız, dualarımızdır. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin və Ali Baş Komandanımızın Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!” Qazılar Şurası məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və sairənin şəriətə görə icazəli olmadığını da dindarların diqqətinə çatdırıb: “Son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir”. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər: “Özəlliklə, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər. Allah yanında imanın, mənəviyyatın yüksək məqamlarından biri – ailə, torpaq və Vətən uğrunda şəhidlikdir. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Allah-taalanın Nəim cənnətləri ilə müjdələnən, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, bütün xalqımıza dəyanət və səadət diləyirik. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!” Geri qayıt |