Əsas Səhifə > ELM VƏ TƏHSİL > Təhsil eksperti: “Valideynlər uşaqlarının savadsız olma riskini nəzərə almalıdırlar”
Təhsil eksperti: “Valideynlər uşaqlarının savadsız olma riskini nəzərə almalıdırlar”24-07-2022, 12:38 |
Hər il olduğu kimi bu il də birinci siniflərə qəbul üçün müraciət edənlərin sırasında rus bölməsində təhsil almaq istəyənlərin sayı kifayət qədərdir. Bu da uşaqlarının rus dilində təhsil almasını istəyən valideynlərin sayının artdığını göstərir. Hətta bəzən rus dilində danışa bilməyən valideynlər belə övladının məhz bu dildə təhsil almasını istəyirlər. Bunlar eyni zamanda, məktəblərdəki rus dili müəlliminə tələbatı artır və nəticədə müəllim çatışmazlığı yaranır. Maraqlıdır, ölkəmizdə rus dilinə bu qədər tələbatın səbəbi nə ilə bağlıdır? Mövzu ilə bağlı mətbuata açıqlama verən təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, övladlarını rus sektorunda oxutmaq istəyən valideynlərin əksəriyyətinin dil bilikləri və mütaliə qabiliyyəti yox səviyyəsindədir: “Son iki ildə artıq digər dil qruplarına qəbul üçün müraciət edənlərin valideynlərinin də dil biliyi komissiyalar tərəfindən yoxlanılır. Bir neçə il bundan öncə isə bu sadəcə formal xarakter daşıyırdı. Son illər bu məsələyə ciddi yanaşılmağa başlanılıb. Çünki statistikaya əsasən rus sektoruna daxil olan uşaqların valideynlərinin dil biliklərinin olmadığı aşkar edilib. Bu məsələ çox ciddi problemlərə yol aça bilir”. M.Məmmədli eyni zamanda rus dilinin dəbə çevrildiyini söyləyib: “Əgər valideyn rus dilini bilmədiyi halda övladının həmin dildə təhsil almasını istəyirsə, demək ki, bu artıq dəb halını almış məsələdir. Bu səbəbdən komissiyalarda da neqativ hallar baş verir. Valideynlər ekspertlərlə əlaqə yaratmağa çalışırlar. Əvvəlcədən təyin olunan ekspertlər bir qədər loyallıq edirdilər. Valideynlər sanki, öz uşaqlarının gələcəyi ilə oynayırlar”. Məzahir Məmmədli əlavə edib ki, rus sektorunda dərs deyən müəllimlərin özlərinin elmi bilikləri aşağı səviyyədədir: “Azərbaycanda rus sektorunda olan müəllimlərin əksəriyyəti ədəbiyyatı, tarixi bilmirlər. Valideynlər uşaqlarının savadsız olma riskini nəzərə almalıdırlar. Son 10 ilin statistikasına baxsaq, bunların hər biri aydın olar. Təəssüf ki, bu məsələləri nəzərə alan yoxdur”. Qeyd edək ki, MDB ölkələri, o cümlədən Ukrayna, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya ölkələri artıq rus dilində təhsildən imtina ediblər. Məlumata görə, Azərbaycanda təhsil alan 1,5 milyon şagirdin 130 min nəfəri rus bölməsinin payına düşür. Bu günləri 4 447 orta ümumtəhsil məktəbinin 340-da tədris rus dilində aparılır, bu da 7,6 faiz deməkdir. 90 mindən çox şagird rus dilində təhsil alır. 450 mindən çox şagird rus dilini xarici dil kimi öyrənir. Şəffaflıq.az Geri qayıt |