Əsas Səhifə > Hadisə > Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib20-07-2022, 16:34 |
İyul ayının 20-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluqdan verilən məlumata görə, müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq tər güllər düzülmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov 2022-ci ilin birinci yarımilində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində cəmiyyətin bütün sahələrində davamlı tərəqqiyə nail olunduğunu, əhalinin gəlirləri artmaqla həyat şəraitinin yaxşılaşdığını, azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin, infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Şəhid ailələrinin, müharibə iştirakçılarının qayğıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən daim nəzarətdə saxlanılmaqla, onların müraciətlərinin vaxtında həlli istiqamətində prokurorluq orqanları üzrə operativ tədbirlərin görülməsi təmin edilir. 2020-ci ilin may ayından etibarən ölkə prokurorluğunda aparılan islahatlar paytaxtın prokurorluq orqanlarında da davam etdirilməklə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə cari ilin 28 aprel tarixində Bakı şəhər prokurorluğunda keçirilmiş əməliyyat müşavirəsində müəyyənləşdirilən vəzifələrin icrası ən prioritet məsələlərdən biridir. Quldurluqla bağlı müvafiq dövr ərzində 30 hadisə qeydə alınmış, onlarda 97,1 %-nin açılması təmin edilib. Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib. Qeyd edilib ki, ümumilikdə şəhərin prokurorluq orqanlarının icraatında olan 381 işdən 171-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 9236 cinayət işindən 3498-nin istintaqı tamamlanmışdır. Onlardan polis orqanları tərəfindən 2897, prokurorluq orqanları tərəfindən 97 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə fiziki və hüquqi şəxslərə vurulmuş 19.855.211 manat məbləğdə maddi ziyandan 64,6 %, yəni 12.820.852 manat hissəsinin ödənilməsinə nail olunub. Əməliyyat müşavirəsində vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmuş, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb. Bakı şəhər prokurorluq orqanlarına 8853 müraciət daxil olmuş, onlardan 3450-i baxılmış, o cümlədən 948-i təmin edilmişdir. Bakı şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb. Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat vermiş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriliblər. Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. 2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2 nəfərə töhmət, 1 nəfər şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfər prokurorluq orqanlarından xaric edilib. Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə edib. Şəffaflıq.az Geri qayıt |