Əsas Səhifə > Dünya > ABŞ Rusiyaya qarşı bəzi sanksiyaları ləğv etdi: Kremllə Qərb gizli danışıqlar aparırlar
ABŞ Rusiyaya qarşı bəzi sanksiyaları ləğv etdi: Kremllə Qərb gizli danışıqlar aparırlar16-07-2022, 08:19 |
ABŞ-ın Xəzinədarlıq Departamentinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsinin aradan qaldırılmasını əsaslandırması maliyyə-iqtisadi maraqlara söykənir. Hərçənd ki, ABŞ-ın bu addımı Rusiyanın gözündə geri çəkilmə kimi dəyərləndiriləcək, Ağ Ev bundan sonrakı proseslərdə Kremlin əlinin uzanmasına şərait yaratmış oldu. Xəzinədarlıq Departamentinin kənd təsərrüfatı və tibbi məhsulların sanksiyaların hədəfində olmadığını elan etməsi Rusiyaya sətiraltı “jest” kimi dəyərləndirilə bilər. Görünür ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların dünya bazarlarında yanacaq, ərzaq və gübrənin qiymətini bahalaşdırması qlobal iqtisadiyyatı böyük güc balansında daha çox ABŞ-ın zərərinə sarsıdır. Ona görə də ABŞ kənd təsərrüfatı, dərman məhsulları və tibbi avadanlıqlarla bağlı müəyyən növ əməliyyatlara icazə verməklə Rusiyadan da qarşılıq gözləyir. Rusiya bu qarşılığı vermək məcburiyyətindədir, çünki İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Qara dəniz limanlarında Moskvanın blokadasında qalan taxılın bazarlara çıxarılmasına dair razılıq əldə edilib. ABŞ bununla hədəfləyir ki, özünə qarşı yaranan iqtisadi təzyiqləri azaltsın, qlobal hegemonluqda üzərinə çəkdiyi humanitar pərdənin cırılmasına imkan verməsin. Ümumilikdə Qərbdə Rusiyaya qarşı sanksiyaların yumşaldılması məsələləri müzakirə mövzusudur, artıq Avropa İttifaqı da Rusiyanın 40-a yaxın şəxsinin adının qara siyahıdan çıxarılmasına razılıq vermək niyyətindədir. Bunlar proseslərin arxasında gizli əl sıxışmalarının baş verdiyinin nişanəsidir və məsələyə siyasi cəhətlərlə baxışı gündəmə daşıyır. Nəzərə almaq lazımdır ki, Ukrayna HIMARS sistemləri ilə Rusiyanın işğal etdiyi əraziləri atəşə məruz qoysa da, müharibənin gedişatında Kiyevin xeyrinə nəticə əldə edilməyib. Əksinə, Rusiya daha da qəzəblənərək artilleriya və raket hücumlarını genişləndirib və intensivləşdirib, bir az da irəli gedərək geosiyasi təkəbbürünün dozasını artırıb. Görünür ki, Qərbin Rusiya ilə bağlı hərbi-siyasi həmlələri effektə malik deyil, Ukraynanın silahlandırılması da Kiyevə üstünlük qazandırmır. Ona görə ki, Qərb daha güclü silahlarını Ukraynaya verməkdən yayınır, bu çəkinmənin arxasında strateji ehtiyatlılıq dayanır ki, bunu anlamaq olar. Qərb özünü odun-alovun içərisinə atmadan müharibədən qazanclı çıxmaq istəyirdi, lakin özü iqtisadi zərbələr aldıqca siyasətini Rusiyaya tərəf dəyişmək məcburiyyətini dərk edir. Rusiyanın da Qərbdən istəyi var, o, NATO-nun Ukraynadakı münaqişəyə qarışmamasını tələb edir, hərçənd ki, bu, Moskvaya qarşı əks qütbdə dayanan qüvvələr üçün uduzmaq deməkdir. Ona görə də Qərblə Rusiya Ukrayna mövzusunda ortaq məxrəcə gəlməyə məcburdur və cari vəziyyət Rusiyanın danışıqlarda üstünlüyünü çoxaldır. Çünki qarşıdan soyuq aylar gəlir, müharibənin payız və qışa qədər uzanması Qərbə sərf etmir, Rusiyanın isə enerjisini çoxaldır. Rusiya enerji sektorundakı hökmranlığına paralel olaraq süni taxıl böhranı yaradır və bu rıçaqı əlindən buraxmayacaq. İstanbuldakı danışıqlarda əldə edilən razılaşmaların implementasiyası müvəqqəti xarakter daşıyacaq və Rusiya bu iqtisadi aləti əlində saxlamaq üçün Ukraynanın cənubunda, Qara dəniz limanlarında müdafiəsini gücləndirməklə möhkəmlənməyə davam edəcək. Əminlik yaranır ki, Rusiya ilə Qərb arasındakı məxfi təmaslar davam edir və tərəflər razılığa doğru sürüklənirlər. Amma yekun sövdələşmə əldə olunana qədər Rusiya ilə Ukrayna qoşunları arasında döyüşlər şiddətlənəcək. Şəffaflıq.az Geri qayıt |