Əsas Səhifə > XARİCİ XƏBƏR > IMF-dən dövlət müəssisələrində islahatlara dair dörd tövsiyə
IMF-dən dövlət müəssisələrində islahatlara dair dörd tövsiyə11-07-2022, 14:07 |
Azərbaycan iqtisadiyyatında dövlətin iştirakının azaldılması sahəsində həyata keçirilən uğurlu islahatlar özəl sektora əsaslanan artım modelinə keçidi dəstəkləyəcək və fiskal risklərin azaldılmasına kömək edəcək. “Report” xəbər verir ki, bu barədə IMF-in mayın 25-dən iyunun 7-dək Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair yekun bəyanatında deyilir. “Dövlət müəssisələrinin iqtisadiyyata böyük təsiri ciddi maneədir. Dövlət müəssisələrinin sayı çoxdur və dövlətin iştirakını azaltmaq üçün yürütdüyü strategiyasında irəliləyiş məhduddur. Bununla belə, bu yaxınlarda Azərbaycan İnvestisiya Holdinqinin yaradılması islahatların intensivləşdirilməsinə imkan yaradır”, - IMF qeyd edir. Valyuta Fondunun iqtisadçıları kommersiya fəaliyyətini qeyri-kommersiya fəaliyyətindən ayırmağı təklif edirlər, özü də sonuncunun büdcədən maliyyələşdirilməli olduğunu bildirirlər. Həmçinin Azərbaycan İnvestisiya Holdinqi vasitəsilə dövlət müəssisələrində şəffaflığın və fəaliyyətin monitorinqinin artırılması, özəlləşdirmənin və zəruri hallarda maliyyə restrukturizasiyasının təşviq edilməsi və dövlət müəssisələrində islahatların sosial təsirinin azaldılması üzrə tədbirlərin tətbiqi təklif edilir. Bundan əvvəl Asiya İnkişaf Bankı (ADB) da Azərbaycan hökumətini iri dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqinə yönəlmiş islahatların genişləndirilməsini davam etdirməyə və özəlləşdirməyə çıxarılan müəssisələrin maliyyə cəhətdən sağlamlaşdırılmasına diqqəti artırmağa çağırmışdı. “2019-cu ilin iyun ayından dövlət müəssisələrində islahat proqramının icrasına başlanılıb. O cümlədən, korporativ idarəetmənin qaydaları və standartları, o cümlədən dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydaları qəbul edilib, göstərilən nəticələrə əsasən mükafatlandırma sistemi yaradılıb. 2020-ci ilin avqust ayında Azərbaycan İnvestisiya Holdinqi yaradılıb, əksəriyyəti zərərlə işləyən dövlət müəssisələri onun idarəçiliyinə verilib. Bütün iri dövlət müəssisələrində Müşahidə Şuraları yaradılıb”, - “Asian Development Outlook 2022” hesabatında qeyd olunub. ADB bu istiqamətdə islahatları genişləndirməyi təklif edir. Bu islahatlar çərçivəsində, ADB analitiklərinin fikrincə, dövlət satınalmaları prosedurlarının təkmilləşdirilməsi, yüksək keyfiyyətli dividend siyasətinin yaradılması, dövlət müəssisələrinin rəhbərlərinin təyinatı sisteminin dəyişdirilməsi, yeni mükafatlandırma sisteminin yaradılması və s. zəruridir. “Bundan əlavə, dövlət müəssisələrinin rüblük maliyyə hesabatlarının, strategiyalarının, onların fəaliyyətinin nəticələrinin, kənar auditorların rəylərinin dərcinin şəffaflığını artırmaq lazımdır. Eyni zamanda, özəlləşdirməyə açıq olan dövlət müəssisələrinin maliyyə cəhətdən sağlamlaşdırılmasına daha çox diqqət yetirilməlidir”, - icmalda qeyd edilir. ADB vurğulayır ki, dövlət müəssisələri Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır: 14 iri dövlət müəssisəsi dövlət büdcəsinə bütün vergi daxilolmalarının dörddə birini təmin edir, ölkədə ən böyük vergi ödəyicisi Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR). Bununla yanaşı, ADB əksər dövlət müəssisələrinin səmərəsiz fəaliyyət göstərməsi, onların yüksək borc yükü, zərərlə işləməsi və ödəmə qabiliyyətini itirmək riski səbəbindən ölkənin dövlət büdcəsinin ciddi risklərlə üzləşdiyini diqqətə çatdırır. “Dövlət müəssisələrinin zərərlə işləməsi çox vaxt onların həm də profilə uyğun olmayan xidmətlər göstərməsi ilə də bağlıdır”, - ekspertlər düşünür. Bankın analitiklərinin fikrincə, dövlət müəssisələrinin səmərəsiz işləməsi, ümumilikdə Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir. ADB-in dəyərləndirməsinə görə, dövlət müəssisələrinin səmərəsiz fəaliyyət göstərməsinin digər səbəbi onların məşğulluq və sosial təminat sahəsində dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsidir. Bundan başqa, demək olar bütün dövlət müəssisələrində maliyyə vəziyyətinin əlverişsiz olması səbəbindən dövlət büdcəsindən dəstəyə ehtiyac var, hesabatda qeyd olunur. Geri qayıt |