Əsas Səhifə > Hadisə > DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"

DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"


11-07-2022, 13:31
 Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, dünən saat 17.30 radələrində Şabran rayonunun Ağalıq və Təzəkənd kəndləri arasındakı təxminən 50 hektarlıq biçilmiş taxıl sahəsində yanğın baş verib.
Dərhal Şabran Rayon Polis Şöbəsinin şəxsi heyəti həyəcan siqnalı ilə səfərbər edilərək güclü küləyin müşayiəti ilə yanan əraziyə cəlb olunublar. Eyni zamanda Yol Patrul Xidməti Alayının əməkdaşları yanğın baş verən ərazinin yaxınlığından keçən avtomobil yollarının istiqamətini dəyişərək sürücü və sərnişinləri daha təhlükəsiz, alternativ yollara yönləndiriblər.
Havanın isti və küləkli, ərazinin isə böyük olması yanğının qarşısını almaqda çətinlik yaradıb. Odur ki, yanğınla mübarizəyə ətraf rayonların – Xaçmaz, Xızı, Quba, Qusar və Siyəzən Polis şöbələrinin də əməkdaşları cəlb olunublar.
Yanğın təhlükəsi ilə üz-üzə qalan fərdi evlər və iaşə obyektləri polis əməkdaşları və kənd sakinlərinin birgə tədbirləri ilə yanğından mühafizə olunub.
Polis əməkdaşları və mülki əhali arasında xəsarət alan olmayıb.

Şəffaflıq.az
Geri qayıt