Əsas Səhifə > SON XƏBƏR > Moskvanın Azərbaycan diasporuna yeni sədr seçilib

Moskvanın Azərbaycan diasporuna yeni sədr seçilib


10-07-2022, 23:28


Moskvanın Azərbaycan diasporuna yeni sədr seçilib.

Şəffaflıq.az-ın məlumatına görə, Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin sədri vəzifəsinə iş adamı, xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.


Uzun müddət Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib. İyunun 10-da Muxtariyyətin hesabat seçki konfransı keçirilib. Muxtariyyətin Şura üzvləri və nümayəndələri tərəfindən yekdilliklə diaspor təşkilatına Bəxtiyar Həsənov sədr seçilib.


İyulun 1-də isə Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin hesabat seçki konfransının nəticələri tanınıb və təşkilat rəsmi qeydiyyata alınıb.


B.Həsənov bildirib ki, Moskva Azərbaycanlılarının diaspor təşkilatının sədri kimi qarşıya qoyulan vəzifələrin nə qədər çətin və mühüm olduğunu dərk edir: “Uzun müddət Moskvanın Azərbaycan diasporundakı durğunluğa təşkilatımız son verəcək. Bunun üçün bizim komanda tərəfindən Milli Mədəni Muxtariyyətin inkişaf konsepsiyası hazırlanıb. Biz bir vahid komanda şəklində bu konsepsiya üzrə fəaliyyət göstərəcəyik. Komandamıza Moskvada yaşayıb fəaliyyət göstərən ziyalılar və iş adamları daxildir”.


Diaspor sədri təşkilatın Moskvada yaşayan bütün azərbaycanlıların üzünə açıq olduğunu da söyləyib: “Moskvada yaşayan həmyerlilərimizin problemləri ilə yaxından maraqlanacağıq. Bu sahədə əlimizdən gələni əsirgəməyəcik”.


B. Həsənov aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında iştirakından və Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyada azərbaycanlılarının qarşısına qoyduğu vəzifə və tapşırıqlardan da danışıb: “Şuşada Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında iştirak etmək bir azərbaycanlı kimi mənim üçün böyük bir şərəf idi. Biz uzun illər idi ki, Şuşaya həsrət qalmışdıq. Orada olmaq, oranın ab-havasını duymaq əlbəttə ki, sözlə ifadə ediləsi hisslər deyil. Qurultayda möhtərəm prezidentin diaspor qarşısında qoyduğu vəzifələrlə tanış olduq. Biz çalışacağıq ki, prezidentin qarşımıza qoyduğu bu tapşırıqları layiqincə yerinə yetirək”.


B. Həsənov diaspor təşkilatlarının dövlətlərarası münasibətlərin möhkəmlənməsində bir körpü rolunu oynadığını qeyd edib: “Ona görə də, biz diaspor təşkilatı olaraq fəaliyyətimizi elə quracağıq ki, bu, həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına xidmət etsin”.


Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Rusiyada diaspor-ictimai təşkilat modelinin köhnəldiyini də vurğulayıb: “Biz Milli Mədəni Muxtariyyət olaraq yeni diaspor təşkilatı modelini ortaya qoymağı düşünürük. Bu diaspor təşkilatının daha çox açıq, yəni ictimaiyyətə, xalqa, həmvətənlərimizə daha açıq, onların problemlərinin, bütün növ-sosial, maddi, mənəvi, hüquqi problemlərinin həllinə kömək edəcək yeni ictimai təşkilat modelini ortaya qoymağı planlaşdırırıq. Sizi əmin edirəm ki, bu, iddia kimi səslənsə də, bizdə bunu həyata keçirəcək potensial mövcuddur. Milli Mədəni Muxtariyyət olaraq Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rusiyadakı Səfirliyi və təbii ki, Moskvanın hakimiyyət orqanları ilə sıx təmasda çalışacağıq”.


Qeyd edək ki, Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin yeni sədri Bəxtiyar Həsənov 1974-cü ildə Azərbaycanın Ordubad rayonunda doğulub. Ali təhsillidir, ixtisasca şərqşünasdır. Hal-hazırda biznes fəaliyyəti ilə məşğul olan həmyerlimiz həm də Moskvada xeyriyyəçi kimi tanınır.

Geri qayıt