Əsas Səhifə > SİYASƏT > Dünya dövlətləri Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir

Dünya dövlətləri Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir


27-05-2022, 15:19
 Sabah, mayın 28-də Azərbaycanda Müstəqillik günüdür. Bu münasibətlə müxtəlif ölkə liderləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlamaqdadırlar. Həmin təbrik məktublarında, həmçinin ölkəmizin geostrateji əhəmiyyətindən, Azərbaycanın dünya siyasətindəki mühüm rolundan bəhs olunur.
Məsələn, qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan təbrik məktubunda ölkələrimiz arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoymasını tarixi addım kimi qiymətləndirib:
"Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram”.

 Bu cümlələr Azərbaycan və Türkiyənin geosiyasi əsas aktorlar olduğunu bir daha göstərməklə yanaşı, həmçinin ölkələrimizin gələcək taleyinin qardaşlıq ruhu üzərində qurulacağına işarədir.
Azərbaycanın dünyada artan gücünü dünya dövlətləri yaxşı anlayırlar. Rəsmi Vaşinqton ölkəmizin regiondakı prosesləri istiqamətləndirən əsas güc olduğunu bilir. ABŞ dövlət başçısı Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bu, bir daha öz əksini tapıb:

"İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır".
Rusiya Prezidenti Vladimir Putinin dövlət başçısı İlham Əliyevə təbrik məktubunda da Azərbaycanın mühüm geosiyasi “oyunçu” olması və dünya dövlətlərinin bunu qəbul etməsinə dair mühüm tezislər öz əksini tapıb:

 “Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır”.
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin təbrik məktubunda da gələcək əməkdaşlıq perspektivlərinə ümid ifadə olunub:
"Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq".
Bu gün dünyanın ən böyük, ən güclü dövlətləri Bakı ilə əlaqələrə mühüm əhəmiyyət verirlər. Səbəblər məlumdur. Bunlardan ən başlıcası isə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi nəticəsində regionda yeni reallıqlar yaratmasıdır. Təsadüfi deyil ki, Çin lideri Si Cinpin təbrik məktubunda Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini bir daha xatırladıb.

 Sevindirici haldır ki, türkdilli dövlətlər arasında əlaqələr getdikcə sürətlənir. Bu prosesə rəhbərlik edənlər isə şübhəsiz, Azərbaycan və Türkiyədir. Dövlət başçılarının siyasi iradəsi bu məsələdə vacib rol oynayır. Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev təbrik məktubunda bu barədə yazıb:
“Əminəm ki, qarşıdakı danışıqların yekunları ikitərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını tam həcmdə üzə çıxarmağa və Qazaxıstan-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək”.

 Digər dövlət liderləri, o cümlədən Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito, İtaliya Prezidenti Sercio Mattarella, İsrail dövlət başçısı İsxak Hersoq, Polşa Prezident Andjey Duda, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Hindistan Prezidenti Ram Nat Kovind, İraq Prezidenti Bərham Saleh, Kuba Prezidenti Migel Dias-Kanel Bermudes, Peru Prezidenti Xose Pedro Kastilyo Terrones, Serbiya Prezidenti Aleksandr Vuçiç, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Tacikistan Prezidenti Emoməli Rəhmon, İsveç kralı XVI Karl Qustav, İspaniyanın Kralı VI Felipe, Xorvatiya Prezidenti Zoran Milanoviç və başqaları da təbrik məktublarında Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiklərini bildirib, qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını ifadə ediblər.
Bu, Azərbaycanın dünyada artan nüfuzunun daha bir bariz nümunəsidir.
Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra ilk dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Geri qayıt