Əsas Səhifə > REGİON > Palata: “Türk iş adamları Ələt İqtisadi Zonasından qonşu ölkələrin bazarlarına çıxmaq istəyir”
Palata: “Türk iş adamları Ələt İqtisadi Zonasından qonşu ölkələrin bazarlarına çıxmaq istəyir”19-05-2022, 19:00 |
Türkiyə şirkətləri Bakının Ələt qəsəbəsində yerləşən Azad İqtisadi Zonası vasitəsilə qonşu ölkələrin bazarlarına çıxış əldə istəyirlər. Bunu “Report”a İzmir Ticarət Palatasının İdarə Heyətinin sədri Melih Tunç Tandoğan deyib. Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonanın fəaliyyəti ilə bağlı proseslər izlənilir: “Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üçün böyük potensial var. Logistika baxımından Azərbaycan çox önəmlidir. Azərbaycan üzərindən türk dövlətlərinə, Rusiyaya istiqamətlənmək daha rahatdır. Bu ərazi İpək Yolundan keçir. Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması bu əməkdaşlıq üçün uğurlu olacaq. Türkiyənin hər sektorundan investor gələ bilər. Həmçinin, azərbaycanlılar da İzmirdə biznes fəaliyyəti ilə məşğul ola bilərlər. Qarşılıqlı əməkdaşlıq iş adamları üçün faydalı olacaq”. M.Tandoğan vurğulayıb ki, Azərbaycan hökuməti Ələt İqtisadi Zonasında fəaliyyət göstərən şirkətlərə vergi və digər güzəştlər təklif edir: “Önəmli olan bura dünyanın hər yerindən investor çəkməkdir”. O əlavə edib ki, Bakıda mayın 15-18 tarixlərində keçirilən "CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisində iştirak etmək üçün İzmirdən 7 şirkət gəlib: “Bunlar müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərdir. Sərgi çərçivəsində Azərbaycana gələn şirktlərdən biri Azərbaycanda iki stadion inşa edib. Bu şirkət dünyanın bir sıra yerlərində inşaat proseslərində iştirak edirlər”. M.Tandoğanın sözlərinə görə, İzmir Ticarət Palatasının təqribən 90 min üzvü var: “Həmin 90 min üzv 175 sahəni əhatə edir. Bizim məqsədimiz İzmirdə ticarəti genişləndirməkdir. İzmirin 4 milyon əhalisi var. Türkiyənin ixracının 13 %-i (31 milyard ABŞ dolları ) İzmirin payına düşür. 12 sənaye bölgəmiz, 3 Azad Ticarət Zonamız var”. Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasında ilk ofis binası 2022-ci ilin iyul ayında açılacaq və 850 hektar ərazini əhatə edəcək. Sahələrdən ikisi, Zona 1 və Zona 2 (441 ha) Bakı Limanına bitişikdir. Üçüncü sahə Zona 3-də (211 ha), Bakı Limanından 7 km məsafədə yerləşir. Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2021-ci ildə 4 milyard 661,8 milyon ABŞ dolları təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 954,98 milyon ABŞ dolları təşkil edib. Geri qayıt |