Əsas Səhifə > MEDİA / SOSİAL MÜDAFİƏ > Mətbuat Şurası Zəfər Kuboku üçün mükafatlar təsis edib

Mətbuat Şurası Zəfər Kuboku üçün mükafatlar təsis edib


16-05-2022, 18:13
Mətbuat Şurası İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku üçün 3 fərdi mükafat təsis edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə qurumun sədri Əflatun Amaşov "Xocalı" və "Şuşa" komandaları arasında keçirilmiş B qrupunun oyunundan əvvəl açıqlama verib.
O, Ən yaxşı qapıçı, Ən yaxşı bombardir və Ən yaxşı oyunçu seçilmiş media nümayəndələrinə fərdi qaydada pul mükafatlarının veriləcəyini bildirib.
Amaşov turnirin təşkilatçılırını təbrik edib və onlara təşəkkürünü çatdırıb: "Bu tədbir bizə 44 günlük Vətən müharibəsini, əldə etdiyimiz parlaq qələbəni, bu qələbəni bizə bəxş edən qəhrəman övladlarımızı, şəhid və qazilərimizi, o cümlədən, şəhid və qazi jurnalistlərimizi, işğaldan azad olunmuş ərazilərimizi xatırladır".
Sədr turnirin əhəmiyyətindən də söz açıb: "Bu turnir bizə nə verir? Hər şeydən əvvəl jurnalistlər arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir. Belə yarışlar sizi bir komanda, kollektiv olaraq, birləşdirir, cəmiyyətdə və jurnalistlər arasında idmanın populyarlığını artırır, bizə ədalətli olmağı vəd edir".
Amaşov qalib görmək istədiyi komandanın adını da açıqlayıb: "Bu gün istəyim budur ki, "Xocalı" komandası qalib olsun. Çünki Xocalı ilə bağlı görəcəyimiz işlər çoxdur. Xocalı soyqırımını törətmiş ermənilər məsuliyyətə cəlb olunmayıblar, bu soyqırımını dünyaya daha çox tanıda bilməmişik".
O, istənilən halda ədalətin qalib gələcəyinə əminliyini vurğulayıb: "İstəyimdən asılı olmayaraq, kim yaxşı oynayacaqsa, hansı komanda daha yaxşı müdafiə olunaraq, daha çox top vuracaqsa, o da qalib olacaq. Mən buna əminəm. Bu sayaq tədbirlər həm də içimizdə ədalət hissini artırır, möhkəmləndirir. Əminəm ki, ən yaxşı komanda qalib olacaq. Əminəm ki, Zəfər Kuboku turniri Azərbaycan jurnalistikası tarixində həmişəlik qalacaq".
Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.

Geri qayıt