Əsas Səhifə > MANŞET / REGİON > Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir


8-05-2022, 12:33
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26-29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakıya səfər edəcək.
Bu barədə Şəffaflıq.az  Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktarla yanaşı, sənaye və texnologiya naziri Mustafa Varank da Azərbaycana gələcək.
Qeyd edək ki, regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan”da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesi başlayıb.
Tədbir zamanı “28 May” metrostansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq. Avtobuslara daxil olarkən dispetçerlər tərəfindən biletlərin QC yoxlanılaraq sərnişinlərə giriş imkanı yaradılacaq.
"TEKNOFEST Azərbaycan" Türkiyənin "Teknoloji Takımı Vakfı"nın, Sənaye və Texnologiya Nazirliyinin və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbir çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” kiber idman üzrə Avropa Çempionatı təşkil olunacaq.
Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənc texnoloqların hazırladıqları prototiplər və STEM layihələrin nümayişi, açıq səma altında statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.
Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

Geri qayıt