Əsas Səhifə > SİYASƏT > I vitse-spiker: "Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası Heydər Əliyev dönəmində qoyulub"
I vitse-spiker: "Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası Heydər Əliyev dönəmində qoyulub"7-05-2022, 14:47 |
"Dünya miqyasında Heydər Əliyev ilk növbədə dövlətçilik prinsiplərinə son dərəcə ciddi yanaşan böyük siyasətçi kimi tanınır. Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası da məhz Ulu öndərimizin dövründə qoyulub. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını Heydər Əliyevin sayəsində gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilib. Respublikamıza rəhbərliyi dövründə Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcək". Şəffaflıq.az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, ümummilli lider 1969-1982-ci illərdə misli görünməmiş xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi o dövrdə ölkəmizdə qanunçuluğun və hüququn möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin edib, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atıb: "Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi super dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı ilə orada da böyük nüfuz qazanmışdı. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və müsəlman-türk dünyasının fəxrinə çevrilib. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin məqsədlərin, o cümlədən keçmiş Dağlıq Qarabağ məsələsində ermənilərin separatist niyyətlərinin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq taleyüklü məqamlarda Heydər Əliyev hər zaman xalqımızın yanında olub. 20 yanvar faciəsinindən dərhal sonra o, həyatını real təhlükə altına ataraq Moskvada sovetlər birliyi rəhbərliyini ifşa etməklə imperiya siyasəti əleyhinə çıxaraq doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi". I vitse-spiker vurğulayıb ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olub: "Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə Naxçıvandan respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaratmağa nail oldu. İlk milli Konstitusiyanı gerçəkləşdirməklə demokratik hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verildı. Ölkədə hüquqi dövləti qurmaq üçün mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyət bölgüsü kimi prinsiplər yaradıldı.Ulu öndər ordu quruculuğunu prioritet fəaliyyət istiqamətlərindən biri elan edərək eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsü ələ almaqla danışıqlar prosesində Azərbaycanın üstün mövqeyini təmin etdi". Ə.Hüseynli bildirib ki, Heydər Əliyev dövlət və xalq naminə bir insanın, rəhbərin, şəxsin edə biləcəyi nə varsa, hamısını edib: "Və bu nailiyyətləri etibarlı əllərə ötürüb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 ilin bənzərsiz uğurlu nəticələri və xüsusilə, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bu danılmaz həqiqətin bariz sübutudur. Tarixi paralellər aparsaq, görərik ki, Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, İlham Əliyev isə bu siyasəti davam etdirərək ölkənin ərazi bütövlüyünü təmin etmişdir. Bunların hər ikisi –müstəqillik və ərazi bütövlüyü tarixi xilaskarlıq missiyasının bir-birini tamamlayan qoşa qanadlarıdır. Çünki dövlətin mövcudluğu baxımından vəhdətdə olmalı bu iki şərtin birini digərsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanın nail olduğu bu uğur siyasi varisliyin ən bariz nümunəsidir". Geri qayıt |