Əsas Səhifə > FUTBOL > "Limit ləğv olunsa, milli komandada nənəm oynayacaq?"

"Limit ləğv olunsa, milli komandada nənəm oynayacaq?"


4-05-2022, 18:10
 Millət vəkili Aqil Abbas İdman Araşdırmalar Mərkəzi və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunun açılış mərasimindən öncə jurnalistlərin suallarını cavablandırıb.
Şəffaflıq.az həmin müsahibəni təqdim edir:
- Öncə Zəfər Kuboku ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Biz xalq, dövlət olaraq, 3 min şəhidimiz, 5-6 min qazimiz və təbii ki, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Zəfər Kubokunu qazanmışıq. Sağ olsunlar ki, bu turniri ikinci ildir təşkil edirlər. Artıq ənənə şəklini alır. Jurnalistlərdən ibarət komandalar işğaldan azad olunmuş rayonların adlarını daşıyır. Arzum budur ki, həmin rayonlar öz komandaları ilə Azərbaycan çempionatında iştirak etsinlər. 8 komanda var idi, 2-ni də gətirib, birtəhər 10 komanda düzəltdilər. Amma 1992-ci ildə - müharibənin şıdırğı vaxtında Premyer Liqada 18 klub oynayırdı. Nə pulumuz var idi, nə şəraitimiz. Top da tapılmırdı. Buts yox idi, ayaqyalın oynayırdıq. İndi isə bu cür iqtisadiyyatı olan dövlətin elitada 8 komandasının olması normal hal deyil. İnanıram ki, arzum həyata keçəcək. İşğaldan azad olunmuş ərazilərdə idman kompleksləri tikilir. Məsələn, Ağdamda 15 000 tamaşaçı tutumuna malik stadion inşa edilir. Digər rayonlarda da bu cür arenalar olacaq. Arzu edirəm ki, bu komplekslər də digərləri kimi ağzı bağlı qalmasın. Ad çəkmirəm, amma idman kompleksi var ki, 20 ildə nə güləşçi yetişdirib, nə üzgüçü, nə də futbolçu. İnanıram ki, yeni yaradılan idman komplekslərindən yaxşı idmançılar çıxacaq.
- Premyer Liqadan söz düşmüşkən, "Qarabağ" ötən gün 9-cu çempionluğunu rəsmiləşdirdi...
- "Qarabağ" onsuz da çempiondur. Mənim bir sözüm var: idman ən böyük səfirdir. "Qarabağ" Çempionlar Liqasında qrupa düşəndə, hətta Braziliya mətbuatı da yazdı ki, işğal olunmuş Ağdamın komandası tarixi uğura imza atdı. Bu komanda, Qurban Qurbanov o vaxt Elmar Məmmədyarovdan daha böyük iş gördü. Dünyada futboldan populyar idman növü yoxdur. Ona görə istəyirəm ki, Azərbaycan futbolu inkişaf etsin. Son vaxtlar komandaların oyunları maraqlı keçir. Klub sayı artsa, daha gözəl olacaq. Bir də deyilənə görə, limiti ləğv etmək istəyirlər. Bunun mübahisəsi gedir ki, 6+5 yox, 8+3 olsun. Bəs onda milli komandada kim oynayacaq? Nənəm? O da ölüb. Yığmaya futbolçu lazımdır. Ancaq yerlilərdən ibarət komanda olmalıdır. Məsələn, "Sumqayıt" əvvəl elə idi, yığmaya oyunçu hazırlayırdı. Bu gün "Səbail" bu vəzifəni üstünə götürməsin ki, mən çempion olacağam. Halbuki milli komanda üçün futbolçu yetişdirməlidir. Gərək, çempion olsun? "Qarabağ" bundan sonra hələ 20 il çempionluğu heç kimə verən deyil. Qurbandan sonra necə olacağı bilinmir. "Neftçi"yə də uğurlar arzulayıram. Amma mən "Qarabağ"dan ötrü canımı da verərəm. Ölkə kubokunu isə "Zirə"nin udmasını istəyirəm.

 - "Xan Lənkəran"ın I Diviziona buraxılmamasına münasibətiniz necə oldu?
- Mən hər zaman region təmsilçiləri - "Qarabağ", "Qəbələ" və "Xəzər Lənkəran"a azarkeşlik etmişəm. Lənkəran klubu çempionatdan çıxanda çox pərt oldum. Niyə bölgə komandaları azalmalıdır? Əslində "Qarabağ" da hazırda Bakı klubu hesab olunur. Ağdam bərpa olunandan sonra oraya gedəcək. Amma "Xan Lənkəran"ı ən azı I Diviizona buraxmaq lazım idi. Mən futbola baxmaq üçün Bakıdan Lənkərana gedirdim. Stadiona 15 000 adam toplaşırdı. Dünən "Qarabağ" - "Sabah" matçında 300 - 400 tamaşaçı var idi. Amma Şamaxıdakı oyuna daha çox azarkeş gəlmişdi. Regionlarda futbola maraq var. Deyirlər ki, "Xan Lənkəran"ın divizionda oynaması üçün müəyyən şərtlər lazımdır. A kişi, nə şərt? Şərt nədir? Ağıllı fikirləşincə, dəli vurub çayı keçir. Cənub bölgəsində 7-8 rayonun camaatı futbolla nəfəs alır. Ümid edirəm ki, "Xan Lənkəran"ı da I Diviziona gətirəcəklər.
- Ümumiyyətlə, Region Liqasından I Diviziona keçidə necə yanaşırsınız?
- Region Liqasında nə var? O gün də dava düşdü. Həvəskar çempionatdır, zəif keçir. Orada futbolçu yetişmir. Bunu da vurğulayım ki, Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları I Divizionda oynamamalıdır. Onların əvvəlkitək öz yarışı keçirilməlidir. Əvvəl futbolçular əvəzedici heyətdə oynayıb özünü göstərəndən sonra əsas komandaya gətirilirdilər. İndi isə başlı-başına buraxıblar. Belə olmaz. Bir ara əsas və əvəzedici komandanın xalları toplandıqdan sonra çempion bəlli olurdu. Sonra ləğv olundu. Əslində bu da düz deyildi. Əvəzedici kollektiv əsas komandaya dəstək olmalıdır. Yəqin, AFFA bunu nəzərə alar. Bir məsələni də qeyd edim ki, Elxan Məmmədovun, bir azərbaycanlının FIFA-da vəzifə alması, yüksəlməsi məni sevindirdi. Arzu edirəm ki, orada daha yaxşı işləsin.

Geri qayıt