Əsas Səhifə > Maraqlı > Zəmzəm suyunun sirləri

Zəmzəm suyunun sirləri


28-04-2022, 23:23
 əm-zəm quyusu və onun tarixi haqqında qismən də olsa, hər kəsin məlumatı var. Məhz elə buna görə də bu günkü yazıda suyun yaranma tarixi haqda deyil, özünəməxsus qəribəlikləri və özəllikləri haqda söhbət açmaq istəyirəm. Tarix boyu bir çoxları Zəm-zəm suyunu adi quyu suyu olaraq qəbul etsə də, aparılan araşdırmalar onun qəribə özəlliklərini üzə çıxardı. 1971-ci ildə bəzi alimlər Zəm-zəm quyusunun dəniz səviyyəsindən aşağı olması və Məkkənin mərkəz nöqtəsində yerləşməsini nəzərə alaraq içməyə yararsız olduğunu iddia etməyə başladılar.

Onların rəyinə əsasən qrunt suları çökəklikdə yerləşən Zəm-zəm quyusuna doğru axaraq onu içməyə yararsız hala gətirə bilərdi. Səudiyyə Ərəbistanının keçmiş başçısı kral Feysəlin əmri ilə bu məsələnin araşdırılması məqsədilə qısa müddətdə işçi qrupu yaradıldı.

Zəm-zəm quyusundan alınan nümunələr analizdən keçirilmək məqsədilə məşhur Avropa laboratoriyalarından birinə göndəriləcəkdi. Bu işə rəhbərlik edən o zamankı, Kənd Təsərrüfatı və Su Ehtiyyatları naziri Muinəddin Əhməd Zəm-zəm quyusunun xüsusiyyətlərini və qəribəliklərini tədqiq edir. Nazir qeydlərində göstərir ki, Zəm-zəm quyusu haqqında onun məlumatı az deyildi. Amma bu onun Zəm-zəm quyusu ilə ilk dəfə olaraq yaxından tanışlığı idi. Bu dəfəki tanışlıq Zəm-zəm quyusu haqqında daha çox məlumat əldə etməyə imkan verdi. Quyunun ən qəribə cəhətlərindən biri çox dərin olmaması və bol sulu olmasıdır. Quyuda araşdırmalar apararkən ilk növbədə onun ölçülərini öyrənməyə başladı. Dərinliyi 18, eni 14 addım olan Zəm-zəm quyusu İbrahim peyğəmbərin zamanından etibarən bu günədək hər il zəvvarlara Məkkə və Mədinə şəhərlərinə milyonlarla ton su verməkdədir.

Xüsusi təmizlikdən keçəndən sonra Zəm-zəm quyusunun dibinə endi. Su onun çiyinlərindən idi. Quyuda araşdırmalar apararkən ilk növbədə suyun gözünü axtarıb tapmaq tələb olunurdu. O, çox axtarsa da, suyun mənbəyini tapa bilmədi. Suyun mənbəyini tapmaq üçün yeganə bir yol qalırdı - quyu suyunu güclü su nasosları ilə tam çıxarmaq. Çox qəribədir ki, nasosların fasiləsiz işləməsinə baxmayaraq, quyudan su tükənmir, eyni səviyyədə qalırdı.

Nisbətən daha güclü nasoslar quraşdıraraq quyudakı suyun səviyyəsini qismən də olsa, azaltmağa cəhd edilir. Lakin su olduğu səviyyədən aşağı düşmür. Son dəfə quyuya enib suyun mənbəyini tapmağa cəhd olunur. Yalnız bu zaman qəribə bir şeyin şahidi olur. Quyunun dibində, ayağının altındakı qumun tərpəndiyini hiss edir. Addım atdığı hər yerdə bunu hiss edir. Zəm-zəm quyusunun dibi tam olaraq su fışqırırdı. O yalnız indi təzyiqlə çıxan bu su axınının qarşısında su motorlarının niyə aciz qaldığını başa düşür.

Sonra müəyyən olundu ki, Zəm-zəm quyusuna onun divarlarından heç bir su sızması yoxdur. Quyuya dolan su ancaq quyunun dibindən-yerin tərkindən çıxan suyun hesabınadır. Bu isə qrunt sularının quyuya axması ilə bağlı mövcud iddialara və şübhələrə son qoymaq üçün kifayət idi.

Daha sonra isə analiz məqsədilə quyudan götürülən nümunə Avropa laboratoriyalarından birinə göndərildi. Çox keçmədi ki, analizin nəticələri açıqlandı. Nəticələrdə qeyd olunurdu ki, Zəm-zəm suyunun tərkibində Məkkənin digər su qaynaqlarının sularına nisbətən kalsium və maqnezium daha çoxdur. Bu isə öz növbəsində susuzluq və yorğunluğun aradan qaldırılmasında zəvvarlara daha müsbət təsir göstərir. Ancaq analizin ən maraqlı göstəricilərindən biri də Zəm-zəm suyunun mikrobları məhv edən xlorla da zəngin olması idi.

Beləliklə, analiz suyun içməyə tam yararlı olduğunu təsdiqləyir. Yarandığı gündən bəri bu quyunun suyu bir dəfə də olsun nə quruyub, nə də azalıb. Yüz illər boyu çıxan bu su öz təbii keyfiyyətlərini hələ də qoruyub saxlamaqdadır. Bu suya nə həcc mövsümündə, nə də başqa vaxtlarda xlor əlavə edilir. Quyunun başqa qəribəliklərindən biri isə digər quyulardan fərqli olaraq divarlarında mamır və başqa bitkilərin bitməməsidir. Bu isə Zəm-zəm suyunun öz təbii dadını qoruyub saxlamaqda mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Qafar OCAQLI

Milli.Az


Geri qayıt