Əsas Səhifə > İqtisadiyyat / REGİON > Şamaxıda üzümçülük sahəsi üzrə ilk kooperativ yaradılıb.-FOTO

Şamaxıda üzümçülük sahəsi üzrə ilk kooperativ yaradılıb.-FOTO


28-08-2019, 20:39

 Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək (KYRİD) proqramının icrasına texniki yardım layihəsi çərçivəsində Şamaxı rayonunda “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin yaradılması üzrə təsis yığıncağı keçirilib.
 Şəffaflıq.az xəbər verir ki,tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək proqramının icrasına texniki yardım layihəsinin mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, tədbirdə çıxış edən nazirliyin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin sektor müdiri Azər Əliyev və həmin sektorun baş məsləhətçisi Fuad Məmmədov dövlət tərəfindən kooperativləşmə prosesinə göstərilən dəstəklə bağlı iştirakçılara ətraflı məlumat veriblər.
Nazirliyin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan İsmayılov isə öz növbəsində koopertivləşmənin məhsul satışında fermerlər üçün yaratdığı üstünlüklərə toxunub. O, “Aqrar Tədarük və Təchizat” ASC-nin kooperativlərə verə biləcəyi dəstəklə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərclərinin azalmasına imkan verir.
 Kənd Yerləri və Regionların İnkişafına Dəstək layihəsinin mütəxəssisləri Elməddin Namazov və Elçin Atababayev layihənin məqsədlərinə toxunaraq, Şamaxı rayonunda üzümçülük və şərabçılığın inkişafı üçün kooperativləşmənin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Natiqlər KYRİD layihəsi tərəfindən aparılmış tədqiqatların nəticələrinə istinad edərək, kooperativləşmənin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə çıxış edən fermerlər kooperativin yaradılma məqsədi barədə məlumat veriblər. Kənd təsərrüfatı məhsulları istehsalçıları bildiriblər ki, kooperativin yaradılması təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək.
Daha sonra “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyat keçməklə bağlı qərar qəbul ediblər. Fermer Qurbanəli Babaşov yekdilliklə “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin sədri seçilib. O, çıxış edərək üzümçülüyün inkişafı ilə bağlı öz fikirlərini bölüşüb.
İmzalanma mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr təşkil olunub, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.
Geri qayıt