Əsas Səhifə > HƏRBİ > Hərbi Administrasiyanın rəhbəri Xarkovdakı son vəziyyəti açıqlayıb
Hərbi Administrasiyanın rəhbəri Xarkovdakı son vəziyyəti açıqlayıb19-04-2022, 13:56 |
“Silahlı qüvvələrimiz Xarkov şəhərinin müdafiəsini təşkil edirlər. Şəhərdə xeyli infrastruktur, o cümlədən mülki infrastruktur dağıdılıb”. Bunu “Report”un Şərqi Avropa Bürosuna açıqlamasında Ukraynanın Xarkov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib. O deyib ki, Xarkovda çoxmənzilli binalar da daxil olmaqla 2000-dən çox ev dağılıb: “Ölənlərin sayı 600-ə yaxınlaşır. İşğalçılarla müharibə 40-dək uşağın həyatına son qoyub. Hər gün şəhər reaktiv yaylım atəşi sistemlərindən və qumbaraatanlardan atəşə tutulur. Xarkov şəhərində əhalinin sıx məskunlaşdığı Alekseyevka, Pyatixatki, Saltovka, Şimali Saltovka, Klyuniçovskaya, Raqanski yaşayış massivi kimi rayonları atəşə məruz qalır”. O.Sinequbov qeyd edib ki, Xarkovun tarixi mərkəzinə də zərbələr endirilib: “Burada heç bir hərbi infrastruktur, hərbi baza, zavod, hərbi universitet yoxdur. Təəssüf ki, hadisə nəticəsində ölənlər və yaralananlar var. Uşaqlar da ölür. Bir neçə gün əvvəl 7 aylıq və 7 yaşlı uşaqlar ölüb. İtkiləri olan ailələrin sayı xeyli çoxdur. Şəhəri, infrastrukturu bərpa edə biləcəyik, amma təəssüf ki, məhv olmuş həyatları geri qaytarmaq mümkün deyil. Bilirik ki, işğalçı Xarkov döyüşünü artıq uduzub. Buna görə də, özlərinin də dediyi kimi, dünyanın ikinci ordusu dinc sakinlərə qarşı müharibə aparır. Əminəm ki, biz hər şeyin öhdəsindən gələcək və müharibədən qalib çıxacağıq”. Hərbi Administrasiyanın rəhbəri vilayət üzrə ümumi vəziyyətdən danışarkən bildirib ki, İzyum rayonunda vəziyyət gərgin olaraq qalır: “Düşmən Luqansk və Donetsk vilayətləri ilə əlaqəni kəsmək və burada öz hərbi iştirakını gücləndirmək istəyir. Onlar İzyum istiqamətindən öz texnikasının daşınması üçün istifadə edir. Silahlı qüvvələrimiz onları həmin ərazidə qarşılayır. Düşmən canlı qüvvə, zirehli texnika və aviasiya baxımından böyük itkilərə məruz qalır. Hər gün bu istiqamətdə də qələbələrimiz barədə hesabat veririk”. Onun sözlərinə görə, hazırda Xarkov sakinlərinin təxliyəsi üçün heç bir zərurət yoxdur: “Vilayətdə Brovinkova və Lozovaya şəhərində təxliyə işləri aparmışıq. İndiyədək bu yaşayış məntəqələrindən 40 minədək insan təxliyə olunub. Bu məntəqələr İnzyum istiqamətində yerləşdiyindən hərbi qüvvələrimiz bu ərazilərdə hərbi əməliyyatların genişlənəcəyini proqnozlaşdırırlar. Bu səbəbdən, dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təxliyə əməliyyatı təşkil edirik”. Geri qayıt |