Əsas Səhifə > REGİON / Cəmiyyət > Cəlil Xəlilov: Veteran, qazi adından sui-istifadə hallarına yol verilməməlidir

Cəlil Xəlilov: Veteran, qazi adından sui-istifadə hallarına yol verilməməlidir


16-04-2022, 10:01
 Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən respublikamızın bütün regionlarında “Nəsillərin görüşü” devizi altında silsilə tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd 1941-1945-ci illər Böyük Vətən müharibəsi, Birinci Qarabağ, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi veteranlarını, qaziləri bir araya gətirmək, onlar arasında dialoq və əməkdaşlığı gücləndirməkdən ibarətdir.
 AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Şəkidə keçirilən zona konfransında jurnalistlərə müsahibəsində deyib.
Təşkilatın sədr müavini vurğulayıb ki, bu gün veteranların qarşılaşdıqları problemləri öyrənmək və dövlət orqanlarına çatdırmaq, onlara müəyyən kömək göstərmək, problemlərinin, sosial məsələlərinin həllində yardımçı olmaq qarşıda duran əsas məsələlərdəndir.
Veteran, qazi adından bəzən sui-istifadə edən şəxslərin də olduğunu vurğulayan Cəlil Xəlilov deyib: “Müharibədə canını qoymuş, orqanını itirmiş, yüksək qəhrəmanlıq və rəşadət göstərmiş veteranların əməyinə bəzən kölgə salanlar, onların haqqına girənlər də olur. Veteranlarımızın çoxu cəbhə zonasında yüksək döyüş hazırlığı ilə, mənəvi-psixoloji durumla savaşıblar, qəhrəmanlıq göstəriblər. Belə veteranları, qaziləri bu gün cəmiyyətdə nümunə göstərirlər. Təəssüf ki, bəzi “barmaqarası” xidməti olanlar da var. Onlar bəzən cəmiyyətdə çaşqınlıq, problemlər yaradır, veteran adına ləkə gətirirlər”.
Cəlil Xəlilov bildirib ki, veteran adından sui-istifadə hallarına yol verilməməlidir. Çünki veteran adı Azərbaycanda xüsusi status qazanmış addır. Bu adı qorumaq lazımdır, ona hörmətlə yanaşılmalıdır. Bu gün veteranlar, qazilər Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər.

Geri qayıt