Əsas Səhifə > SON XƏBƏR > Mərkəzi Bankın yeni sədri kollektivə təqdim olundu

Mərkəzi Bankın yeni sədri kollektivə təqdim olundu


14-04-2022, 17:53

 

Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilmiş Taleh Tahir oğlu Kazımov Mərkəzi Bankın kollektivinə təqdim olunub.

Şəffaflıq.az-ın məlumatına görə, yeni sədri təqdim edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Taleh Kazımovun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

N.Əmirov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını, makroiqtisadi və maliyyə sabitliyini, bütün sahələrdə olduğu kimi maliyyə-bank sistemində həyata keçirilən mühüm islahatları və əldə olunan nəticələri diqqətə çatdırıb.  

N.Əmirov maliyyə sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin çağırışlarına uyğun şəkildə inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb, tövsiyələrini verib.

T.Kazımov dövlət başçısı və ölkə parlamenti tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.
 
O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapital bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.

Geri qayıt