Əsas Səhifə > Hadisə > Bakıda 18 il əvvəl törədilmiş cinayətin ÜSTÜ AÇILDI

Bakıda 18 il əvvəl törədilmiş cinayətin ÜSTÜ AÇILDI


14-04-2022, 17:50

 

Bakıda nənə və nəvəsinin qətlinin üstü 18 il sonra açılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, 2004-cü il aprelin 26-da 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin paytaxtın Yasamal rayonu ərazisində yaşadıqları mənzildə aşkar edilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (120.2.7. iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Mərkəzində müalicə alan Anar Ağalarovun həmin cinayəti törətməsinə əsaslı şübhələr yaranıb.

İlkin dindirmə zamanı A.Ağalarov hadisəni xalası oğlu mərhum Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şəffaflıq.az
Geri qayıt