Əsas Səhifə > Gündəm > İllərdir həlli tapılmayan problem: Bəzi xarici ölkələrin diplomları niyə Azərbaycanda tanınmır? – ARAŞDIRMA
İllərdir həlli tapılmayan problem: Bəzi xarici ölkələrin diplomları niyə Azərbaycanda tanınmır? – ARAŞDIRMA20-03-2022, 16:21 |
Ekspertin fikrincə, xaricdə oxumağa gedən şəxs, ilk növbədə “o ölkənin diplomu Azərbaycanda tanınacaqmı?” sualına cavab tapmalıdır. Nüfuz xətrinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt nəticəni düşünmürlər. Xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda diplomların tanınmaması problemi ilə üzləşməyəsən. Xaricdə təhsilə maraq xüsusən son illərdə artmaqdadır. Lakin tələbə və valideynlərin bu marağı bəzən xoş olmayan “sürpriz”lərlə qarşılaşır. Onlar xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşirlər. Qeyd edək ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Mövzu ilə bağlı aparılmış araşdırmalardan birini təqdim edirik: 62 tanınmayan diplom Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalara əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilən fənlərin həcmi nəzərə alınaraq müəyyən olunur. TKTA bildirib ki, təkcə fevral ayı üçün 268 müraciətdən 62-si mənfi cavab alıb. Belə ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 28, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 8 nəfərin müraciətinə mənfi cavab verilib. Təəssüf ki, xarici universitetlərdən alınan diplomların tanınması ilə bağlı qaydalar aydın olsa da, problemin içərisində çabalayanlar kifayət qədərdir. Seçim düz olmayanda Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, istər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması ta sovet vaxtından əsas problemlərdən biri olub. Problemin əsas səbəbi isə ya xaricdə təhsil şirkətlərinin, ya da tələbənin məlumatsızlığından qaynaqlanır: “Tələbələr lazımi araşdırma və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan diplom alırlar”. Ekspertin fikrincə, müəyyən diplomların tanınmaması Boloniya prosesinin şərtləri ilə də bağlıdır: “Boloniya prosesinə qoşulandan sonra diplomların qarşılıqlı tanınması əsas bəndlərdən biridir. Amma bununla belə nə bizim diplomların bəzi xarici ölkələrdə, nə də bəzi xarici ölkələrin diplomlarının bizdə tanınması məsələsi həll olunub. Ona görə də, hansı ölkələrin diplomlarının tanındığı ilə bağlı siyahı müəyyənləşib. Bu günlərdə Xaricdə Təhsillə bağlı yeni Dövlət Proqramı qəbul olundu. Kim ki oxumağa dövlət təminatı ilə gedir, onların diplomları birmənalı tanınır. Amma kimlərsə müəyyən şirkətlərin, hazırlıq mərkəzlərinin vasitəsilə attestatla, heç bir imtahan nəticəsi tələb olunmadan xaricdə oxumağa gedirsə, onlar belə problemlərlə üzləşirlər. Nəticədə, onların diplomları tanınmır”. Ekspertin fikrincə, xaricdə oxumağa gedən şəxs, ilk növbədə “o ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?” sualına cavab tapmalıdır. Amma nüfuz xətrinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt bunun sonunu düşünmürlər. Ona görə, xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda belə problemlərlə qarşılaşmayasan”. Ukraynadan gələn tələbələr Ekspert hazırda Ukraynada təhsil alan tələbələrin yerləşdirilməsi ilə bağlı problemlərin olduğunu bildirir: “Onların böyük əksəriyyəti də attestat qiymətləri ilə ali məktəblərə qəbul olanlardır. Belə tələbələrin sənədləri bizdə ekvivalent sayılmır. Ancaq onlar bizim vətəndaşlarımızdır və müharibəyə görə qayıdıblar. Ona görə də onları Azərbaycanın ali məktəblərinə yerləşdirmək lazımdır”. “Dil” baryeri Ekspertin sözlərinə görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaranandan sonra bu problemlərin həlli istiqamətində müəyyən işlər görülüb: “Əvvəllər diplomun təsdiqi üçün aylarla vaxt gedirdi. İndi müraciət edəndə dərhal cavablandırılır. Xeyli diplomların tanınması həyata keçirilib. Sadəcə, Rusiyada, Ukraynada oxuyub qayıdanların “dil” məsələsi yoxlanılır. Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması ucbatından müəyyən narazılıqlar ortaya çıxır. Bu məsələ dəfələrlə müzakirə olunub. Hesab edirəm ki, bu məsələ də həll olunacaq”. Abituriyentlər məlumatlı olsalar... Təhsil eksperti Qoşqar Məhərrəmov diplomların tanınması ilə bağlı təkcə bizim ölkəmizdə deyil, dünyada problemlə qarşılaşanların çox olduğunu bildirir: “Bunun səbəbi abituriyentlərin xaricdə təhsil məsələsini əvvəlcədən yaxşı araşdırmamalarıdır. Hər hansı universitetə oxumağa gedən abituriyent Təhsildə Keyfiyyət Təminatı Agentliyi vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalıdır. Abituriyentlər bu barədə məlumatlı olsalar, diplomu ölkəmizdə tanınmayan universiteti seçməyəcəklər. Mütləq hansısa formada araşdırma aparmalı, əlaqədar qurumların saytlarına baxmalı, informasiya əldə etməlidirlər”. Ekspertin sözlərinə görə, diplomları tanınmayan bir qisim abituriyentlər də var ki, ali məktəbdən qəbul alsalar da, universitetdə normal təhsil almayıblar: “Onlar dərsə getməyiblər, asan yolla məzun olublar. Onların pasportunda ölkədən çıxış-girişlə bağlı qeydlər olsa da, müsahibə zamanı kəsilirlər. Agentlik məzundan tələb edir ki, təhsil aldığı ölkənin dilində danışsın. Bu zaman şübhələr meydana çıxır. Tələbə Ukraynada, Rusiyada, Gürcüstanda təhsil aldığı ali məktəbin proqramının və tədrisinin dilini bilmirsə, prosedurdan keçə bilməyəcək. Ona görə də, tələbələr ayıq-sayıq olmalı, əvvəldən araşdırma aparmalıdırlar. Bu şərtlərə əməl edəcəkləri təqdirdə, heç bir problemlə qarşılaşmayacaqlar”. Şəffaflıq.az Geri qayıt |