Əsas Səhifə > REGİON / Cəmiyyət > Vətən müharibəsi bizim böyük xalq olduğumuzu bir daha göstərdi
Vətən müharibəsi bizim böyük xalq olduğumuzu bir daha göstərdi9-03-2022, 18:38 |
Şamaxıda İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şamaxı rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, Şamaxı Dövlət Regional Kollecinin müəllim və tələbələri, Vətən müharibəsi qaziləri və veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəffaflıq.az xəbər verir ki, mədəniyyət mərkəzində keçirilən tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə çıxışında uzun illər Ermənistan ordusunun işğalı altında olan, həsrəti ilə yaşadığımız Şuşanın Azərbaycanın iftixar mənbəyi olduğunu vurğulayıb. Qeyd edib ki, bu tarixi şəhər 2020-ci il sentyabrın 27-də başlanan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə başa çatan Vətən müharibəsində silahlı qüvvələrimiz tərəfindən azad edilib, mədəniyyət beşiyi olan Şuşa özümüzə qaytarılıb. O, bu şəhərin yetirmələri olan dünyaşöhrətli elm, mədəniyyət xadimlərinin, görkəmli sərkərdələrin ömür yollarından söhbət açıb, Prezident İlham Əliyevin Şuşanın yeni tarixinə ən parlaq, ən şərəfli səhifəni yazdığını vurğulayıb. Tədbirdə çıxış edən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Pərvin Şirəliyeva, Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova, Şamaxı Dövlət Regional Kollecin şöbə müdiri Kalbalı Musayev nəinki şuşalıların, Azərbaycan xalqının uzun illər bu şəhərin həsrətini çəkdiyini, ancaq heç zaman ümidlərini itirmədiyini vurğulayıblar. Qələbəyə, azad Şuşaya görə Azərbaycan xalqının hər zaman şəhidlərimizə, qazilərimizə və Prezident İlham Əliyevə minnətdar olacaqlarını diqqətə çatdırıblar. Vətən müharibəsi qazisi Elvin Məmmədov çıxış edərək bildirib ki, Vətən müharibəsi bizim böyük xalq olduğumuzu bir daha göstərdi. Bir yumruq ətrafında birləşib birgə Zəfər qazandıq. Göstərdik ki, Azərbaycan xalqının Mübariz İbrahimov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov kimi qəhrəmanları yenə də var. Tədbirin sonunda “Əziz Şuşa, sən azadsan!” adlı sənədli film nümayiş etdirilib.AZƏRTAC Geri qayıt |