Əsas Səhifə > REGİON > Şamaxının meyvə bağlarında quru budama işləri başa çatdırılır
Şamaxının meyvə bağlarında quru budama işləri başa çatdırılır19-02-2022, 12:12 |
Şamaxı rayonunda meyvə bağlarında payız-qış mövsümünün becərməsi sürətlə davam etdirilir və artıq quru budama, quruyan ağacların kəsilməsi və ərazilərin təmizlənməsi başa çatmaq üzrədir. Şəffaflıq.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bağlarda becərmə işlərinə 300-dən çox işçi qüvvəsi cəlb olunub. Mövcud 753 hektar meyvə bağının 690 hektarında artıq işlər başa çatdırılıb. Rayonun Məlcək, Mədrəsə, Cabanı, Həmyəli, Çarhan, Adnalı kənd, Sabir qəsəbə inzibati ərazi dairələrində bağların quru budaması, quruyan ağaclardan təmizlənməsi işləri yekunlaşıb. Qalan ərazilərdə də bu işlərin tezliklə başa çatdırılması üçün ciddi səy göstərilir. Qeyd edək ki, Şamaxı iri bağçılıq təsərrüfatına malik rayondur və bölgədə əsasən alma, armud, xurma, fındıq və digər meyvələr yetişdirilir. Burada bağların sahəsi də ildən-ilə genişləndirilir. Rayonun Mirikənd, Məlcək, Qaravərili və Mədrəsə inzibati ərazi dairələrində 38 hektarda yeni meyvə bağları salınıb. Əlbəttə, rayonun təbii-iqlim şəraiti burada meyvəçiliyin inkişafı üçün çox əlverişlidir. Təsadüfi deyil ki, bölgədə meyvə istehsalı da ildən-ilə artır. Təkcə ötən il bar verən 715 hektar bağdan 1920 tona yaxın məhsul götürülüb ki, bu da inişilki göstəricidən 150 ton çoxdur. Geri qayıt |