Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Maraqlı > Vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyi necə olacaq?

Vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyi necə olacaq?


4-02-2022, 14:51

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəfat edən şəxslərin vaxtilə topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib.

Nazirlikdən mətbuatın suallarına cavab olaraq bildirilib ki, sığortaolunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir.

Qeyd olunub ki, sığortaolunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir:

“18 yaşınadək övladları əyani oxuyarlarsa, 23 yaşınadək bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensiyanı almaqda davam edirlər.

Bundan əlavə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin I və ya Il dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər.

Yəni, şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir. Pensiyalarda edilən artımlar, həmçinin hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur”.

Qeyd edək ki, yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda deputatlar şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Bundan başqa, Milli Məclisdə “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda dinləmə keçiriləcək. Dinləmələrdə şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi məsələsi də müzakirə predmeti olacaq.


Şəffaflıq.az
Geri qayıt