Əsas Səhifə > Gündəm > Zakir Həsənov İran Prezidenti ilə görüşdü

Zakir Həsənov İran Prezidenti ilə görüşdü


26-01-2022, 23:55

 

Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İran Prezidenti Seyid İbrahim Rəisi xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran İslam Respublikasının Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını Prezident Seyid İbrahim Rəisiyə çatdırıb.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə görülən işlər barədə məlumat verib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Şəffaflıq.az
Geri qayıt