Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Sahibkarlara XƏBƏRDARLIQ: Ciddi maliyyə sanksiyalarına cəlb olunacaqlar

Sahibkarlara XƏBƏRDARLIQ: Ciddi maliyyə sanksiyalarına cəlb olunacaqlar


8-08-2019, 23:40


 

Paytaxtın və bölgələrin bir çox ticarət, ictimai iaşə və xidmət obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən dövriyyənin gizlədilməsi məqsədilə kassa aparatlarından istifadə edilməməsi, vurulmuş kassa çeklərinin alıcılara verilməməsi istehlakçılarda ciddi narazılıqlar doğurur. Bu cür hallarla rastlaşan vətəndaşların Vergilər Nazirliynə müraciətlərinin sayı gündən-günə artır.

Şəffaflıq.az Nazirliyə istinadən xəbər verir ki, cari ilin əvvəlindən vergi ödəyiciləri üçün güzəştlərin və azadolmaların tətbiq edildiyi, sahibkarlıq obyektlərinin fəaliyyətinin stimullaşdırılması üçün geniş imkanlar yaradıldığı bir şəraitdə onların büdcə vəsaitlərinin formalaşmasında iştirakı da şəffaf olmalıdır.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib. Nazirlik tərəfindən aparılan monitorinqin nəticələri göstərir ki, kassa çeklərinin təqdim edilməsi vəziyyəti qənaətbəxş deyil, bir çox sahibkarlar bu sahədə qanunların tələblərinə və nağd hesablaşmaların aparılması qaydalarına əməl etmirlər.
Bakı şəhərində yerləşən ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı aparılan monitorinq zamanı vergi nəzarəti ilə əhatə olunmuş obyeklərin 97 faizində nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu halları aşkarlanıb. Yoxlamalar nəticəsində 194 obyektdəki kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunmadığı, 320 nəfərin əmək müqaviləsiz işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.
Monitorinq zamanı qanun pozuntusu halı ilk dəfə aşkar olunduğundan, Vergilər Nazirliyinin əməkdaşları bu obyektlərə qarşı hər hansı maliyyə sanksiyası tətbiq etməyiblər, vergi ödəyicilərini kassa çeki təqdim olunmasının vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar. Diqqətə çatdırılıb ki, sanksiyanın tətbiq edilməməsi onlarda arxayınlıq yaratmamalıdır: çünki rəsmi xəbərdarlıq edilmiş sahibkarlar risk qrupuna aid ediliblər. Bu da həmin vergi ödəyicilərinin fəaliyyət göstərdikləri təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin təkrar keçirilməsi ilə nəticələnəcəkdir.
Vergilər Nazirliyi istehlakçıların da nəzərinə çatdırır ki, onlar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə, onların hüquqlarının pozulduğu hallarda öz mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə sərt məsuliyyət tədbirləri nəzərdə tutur.
Vergilər Nazirliyi tövsiyə edir ki, sahibkarlıq subyektləri nəzarət-kassa aparatlarından düzgün istifadə etməli, vurulmuş çekləri mütləq qaydada alıcılara təqdim etməlidirlər ki, böyük məbləğlərdə cərimələrlə, maliyyə sanksiyaları ilə üzləşməsinlər. Sahibkarın kassa aparatlarından istifadə etməməklə vergidən yayındırdığı məbləğ gələcəkdə onun maliyyə sanksiyaları şəklində itirəcəyi məbləğlərdən qat-qat azdır.
Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:
təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;
təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Geri qayıt