Əsas Səhifə > Hadisə > Xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınmasına dair prosedur müəyyənləşib

Xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınmasına dair prosedur müəyyənləşib


20-12-2021, 18:13
Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Şəffaflıq.az-ın xəbərinə görə, dəyişiklik Məcəllənin valideynlik hüquqlarından məhrumetmə qaydasına təklif edilir.
Belə ki, Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir: “Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.
Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir”.
Digər bir dəyişikliklə isə xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınmasına dair prosedur müəyyənləşir. Belə ki, Məcəlləyə yeni - 195.2-ci maddə əlavə olunur.
Yeni maddəyə əsasən, Azərbaycan vətəndaşının, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Geri qayıt