Əsas Səhifə > SİYASƏT > Ana Birçal: Azərbaycan-Rumıniya əməkdaşlığının daha da inkişafı üçün geniş potensial var
Ana Birçal: Azərbaycan-Rumıniya əməkdaşlığının daha da inkişafı üçün geniş potensial var23-11-2018, 20:34 |
Buxarest, 23 noyabr, AZƏRTAC Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Rumıniyada keçirilən Komissiyanın beşinci iclasında iştirak etmək üçün Buxarestdə səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Buxarest şəhərində yerləşən Heydər Əliyev Xiyabanına gələrək, xalqımızın Ümummilli Liderinin xiyabandakı büstü önünə gül dəstələri düzüblər. Nazir Sahil Babayev Komissiyanın Rumıniya tərəfindən yeni həmsədri, Rumıniyanın Baş nazirinin strateji əməkdaşlığın həyata keçirilməsi üzrə müavini xanım Ana Birçal ilə görüşüb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə dayanıqlı inkişafın təmin edildiyini diqqətə çatdıran nazir Azərbaycanın beynəlxalq əlaqələrin inkişafına, habelə Avropa İttifaqı ölkələri, o cümlədən Rumıniya ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Sahil Babayev ötən dövrdə Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin, imzalanan əməkdaşlıq sənədlərinin, xüsusilə 2009-cu ildə imzalanan “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin, həmçinin “strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə 2011-ci ildə imzalanan birgə Fəaliyyət Planı”nın iki ölkə arasında əlaqələrin inkişafına şərait yaratdığını vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan Avropanın vacib və etibarlı tərəfdaşı olaraq Avropanın enerji təhülkəsizliyinə əhəmiyyətli töhfələr verir. Bu məqsədlə ölkəmiz ötən dövrdə enerji ixrac marşrutlarını da şaxələndirib. İki ölkə arasında enerji, investisiya, neft və neft-kimya məhsullarının tədarükü sahələrində əməkdaşlığın inkişaf etdiyini bildirən nazir SOCAR tərəfindən icra olunan mühüm layihələrdən bəhs edib. O, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə əlaqələrin genişləndiyini də diqqətə çatdırıb. Xanım A.Birçal ölkəsinin Azərbaycan ilə əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluğunu ifadə edib. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan A.Birçal ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin ikitərəfli strateji tərəfdaşlığa yeni töhfələr verəcəyinə əminliyini bildirib. O, Komissiyanın beşinci iclasının bu istiqamətdə növbəti mühüm addımların atılmasına xidmət etdiyini deyib. Görüşdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, Müştərək Komissiyanın qarşısında duran vəzifələr müzakirə olunub. İqbal Hacıyev Geri qayıt |