Əsas Səhifə > SON XƏBƏR > Sahibə Qafarova İƏT Pİ-nin Konfransında çıxış edib

Sahibə Qafarova İƏT Pİ-nin Konfransında çıxış edib


10-12-2021, 22:09
 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək üçün İstanbulda səfərdədir.

Dekabrın 10-da konfransın açılış mərasimi olub. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizimyol.info-ya verilən məlumata görə, konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını Azərbaycan Milli Məclisi adından salamlayaraq Türkiyənin sədrliyinin İƏT Pİ-nin güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Spiker diqqətə çatdırıb ki, Azərbaycan İslam dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verir. O qeyd edib ki, biz iki gün əvvəl Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümünü qeyd etdik. Beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələrinə ardıcıl dəstəklə yanaşı, Azərbaycanda keçirilən çoxsaylı tədbirlərlə də İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəmizi veririk. Hesab edirəm ki, parlament ölçüsü getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır və bu, ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirəcək.
İslamofobiyanın bu gün dünyada ən ciddi təhlükələrdən biri olduğunu diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu tendensiyanı qəti şəkildə pisləyir və ona qarşı mübarizə aparmağa çağırır. Bu baxımdan, İslam Əməkdaşlığı Təşkilatının qardaş Pakistanın təşəbbüsü ilə 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü kimi qeyd edilməsi qərarı çox müsbət qarşılanır. Hesab edirəm ki, İslam dünyasının qarşısında dayanan problemlərin öhdəsindən gəlmək üçün daha güclü həmrəyliyə, dialoqa və əməkdaşlığa ehtiyac var.
Sahibə Qafarova bu sessiyanın mövzusuna uyğun olaraq, Fələstin, Əfqanıstan və miqrasiya məsələlərinə toxunaraq, bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında sülh yolu ilə həllini dəstəkləyir. Bu mövqe beynəlxalq təşkilatlar çərçivəsində də birmənalı şəkildə ifadə olunub.
Milli Məclisin sədri Əfqanıstanda sülh və sabitlik mövzusunun daha geniş region üçün potensial təsirləri olduğunu qeyd edərək, Əfqanıstandakı vəziyyətin humanitar nəticələrinin aradan qaldırılmasının son dərəcə vacib olduğunu diqqətə çatdırıb.
Spiker bildirib ki, beynəlxalq ictimaiyyət miqrasiya məsələsini daha geniş perspektivdən nəzərdən keçirməli və problemin kökündə dayanan səbəbləri aradan qaldırmalıdır.
O, miqrasiya barədə danışarkən, təxminən on ildir 5 milyona yaxın qaçqına ev sahibliyi edən Türkiyənin səylərini yada salmamağın mümkün olmadığını deyib.
“Təəssüf ki, bu səylər layiq olduğu yüksək qiyməti və dəstəyi almayıb”.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan özü də məcburi köçkün problemi ilə üzləşib.
“Bildiyiniz kimi, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizə yaxınını işğal altında saxlayıb. Ermənistanın bu torpaqlarda etnik təmizləmə aparması nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. İşğal zamanı Ermənistan qəsdən bütün şəhər və kəndlərimizi yer üzündən silib, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. Ermənistan bütün müsəlmanlara qarşı tam hörmətsizlik və nifrət zəminində məscidlərimizi dağıdıb, təhqir edib və onlardan donuz və inək saxlanılan tövlə kimi istifadə edib. Bu ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalan 2 məscidə isə ciddi ziyan vurulub. Hətta bu ərazilərdəki qəbiristanlıqlarımız da vandalizmə məruz qalıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və digər müvafiq beynəlxalq təşkilatların qətnamə və qərarları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb ediblər. Lakin təəssüf ki, Ermənistan onların heç birinə məhəl qoymayıb. Ermənistanın hərbi təxribatları nəticəsində başlayan 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib”.
Milli Məclisin sədri müharibənin ilk günlərindən Azərbaycana siyasi dəstəyini ifadə edən qardaş Türkiyə və Pakistana minnətdarlığını bildirib, həmçinin, İƏT Parlament İttifaqına və Baş katib Muhammed Xurayçi Niyassa Azərbaycanın haqq işini dəstəklədiklərinə görə təşəkkür edib.
Sahibə Qafarova çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlayıb ki, bu da 1 milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan verəcək.
“Ermənistanla Azərbaycan arasında suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin imzalanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası regionda münasibətlərin normallaşmasına və kommunikasiyaların bərpasına gətirib çıxaracaq. Lakin Ermənistan öz öhdəliklərini pozmaqdan əl çəkməli, vəziyyəti gərginləşdirən, regionda sülh və sabitlik perspektivlərinə ziyan vuran hərəkətlərə yol verməməlidir”, -deyə spiker vurğulayıb.
Sonra konfransda müzakirələr davam etdirilib.
Geri qayıt