Əsas Səhifə > Hadisə > Prezidentin fərdi təqaüdçüsü, iki dəfə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Fərid Dadaşov vəfat edib.
Prezidentin fərdi təqaüdçüsü, iki dəfə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Fərid Dadaşov vəfat edib.9-12-2021, 09:23 |
Geologiya-mineralogiya elmləri doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü, iki dəfə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Fərid Dadaşov vəfat edib. Şəffaflıq.az xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Dadaşov Fərid Həsən oğlu 1930-cu ildə Bakı şəhərində anadan olub. 1952-ci mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Geoloji-kəşfiyyat fakültəsini bitirib. 1952-1954-cü illərdə həmin institutun aspiranturasında oxuyub, “Neft yataqlarının geologiyası” kafedrasında işləyib. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyib. 1977-1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. “Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi” şöbəsinin rəhbəri olub. Elmi fəaliyyəti təbii qazların geologiyası və geokimyası, palçıq vulkanizmi, neft-qaz yataqlarını geologiyası, axtarışı və kəşfiyyatı ilə bağlıdır. O, neft-qaz geologiyası və geokimyası sahəsində, təbii qazların tədqiqatı üzrə görkəmli alimdir. F.Dadaşov Azərbaycanın və Xəzər dənizinin neftli-qazlı rayonlarının karbohidrogen qazlarının dəyişməsi qanunauyğunluğunu müəyyən edib, hidrosferin qazlarını öyrənmək üçün yeni üsul təklif edib, neft-qaz-toplanma zonalarının qazgeokimyəvi kriterilərini işləyib hazırlayıb. Onun nəzəri işləmələri neft, qaz, sulfid yataqları axtarışında, hidrotexniki, mülki və sənaye obyektlərin tikintilərində, ekologiya sahələrində tətbiq edilib. Günəşli neft yatağını ilk kəşf edənlərdəndir. 1988-ci ildə “Azərbaycan SSR-in neft və qaz yataqları və perspektiv strukturları xəritəsi”nə görə Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülüb. “Şərəf nişanı” ordeni və medallarla təltif edilib. F.Dadaşov 300-dən çox elmi işin, 8 monoqrafiyanın, 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. “Azərbaycanın geokimyəvi anomaliyaları”, “Azərbaycanın neft-qaz yataqları və perspektivli sahələri”, “Xəzər dənizinin palçıq vulkanları”, “Azərbaycanın neft və qaz ehtiyatlarının xəritəsi”, “Azərbaycanın təbii qazları” xəritələrin müəlliflərindən biridir. 15 il ərzində doktorluq dərəcəsi vermək üzrə Elmi Şuranın sədri olub. 18 geologiya-mineralogiya elmləri namizədi, 3 elmlər doktoru hazırlayıb. Geri qayıt |