Əsas Səhifə > Kriminal > 6 milyon manatlıq dələduzluq edən şirkət rəhbərləri ilə bağlı - Qərar

6 milyon manatlıq dələduzluq edən şirkət rəhbərləri ilə bağlı - Qərar


24-07-2019, 13:47
 Bakıda bir mənzili bir neçə nəfərə satmaqda təqsirləndirilən "İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.
Şəffaflıq.az xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki şəxsin kasasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə istintaq zamanı "İdeal-V” tikinti şirkətinin direktoru Ç.Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İ.Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Şirkət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədovun 10 il, İ.Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra həmin şəxslərin barəsində yenidən eyni maddələrlə cinayət işi başlanıb, ayrıca icraata verilib.
İttiham aktına əsasən, Ç.Məmmədov və İ.Məmmədov 2007-ci ildən 2015-ci ilə qədər vətəndaşların etibarından sui-istifadə edərək tamah niyyəti ilə onlara qarşı dələduzluq edib. Hər iki şəxs bir mənzili bir neçə şəxsə satıb.
Onlar bir neçə zərərçəkmişə 5 milyon 900 min manat məbləğində ziyan vurub.
Bu iş üzrə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 12 il (əvvəlki cəzalar birləşdirilib) müddətinə azadlıqdan məhrum edilib.Teleqraf.com 
Geri qayıt