Əsas Səhifə > SİYASƏT > Qarabağ Komitəsi mitinq qərarından çəkildi

Qarabağ Komitəsi mitinq qərarından çəkildi


24-07-2019, 09:19

 Polisin xəbərdarlığı nəticəsini verdi

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbbüs qrupunun üzvləri Pənah Hüseyn və Tural Abbaslı iyulun 23-də  Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, onlara xəbərdarlıq edilib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
İdarə sözçüsünün sözlərinə görə icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq: “Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir”.
Saat 14-də isə Qarabağ Komitəsi 23 iyul saat 17-yə təyin olunmuş Qarabağ mitinqi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Qarabağ Komitəsi iyulun 23-də səhər saatlarında Bakı Baş Polis İdarəsinin yaydığı rəsmi açıqlamadan sonra yaranmış situasiyanı dəyərləndirərək 23 iyul saat 17-yə planlaşdırılmış mitinqin keçirilməməsini məqsədəuyğun sayıb: “Diqqətə çatdırırıq ki, Bakı Baş Polis İdarəsinin mətbuat xidməti həmin mitinqin Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığını və sanksiyalaşdırılmadığını səbəb göstərərək mitinqin qarşısının qətiyyətlə alınacağını bildirmiş və bu barədə 23 iyul mitinqi təşkilatçılarına rəsmən xəbərdarlıq etmişdi.
Qarabağ Komitəsi Bakı Şəhər Baş Polis İdarəsinin 23 iyul mitinqinə münasibətdə mövqeyini sərbəst toplaşma azadlığının və vətəndaşların sərbəst toplaşma hüququnun kobud pozulması kimi dəyərləndirir və bu hərəkətinə görə Bakı Baş Polis İdarəsi məhkəməyə veriləcək.
Qarabağ Komitəsi bununla əlaqədar ictimaiyyətin diqqətini ona cəlb edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 23 iyulda keçirilməsi planlaşdırılan mitinq barədə xəbərdarlıq müraciətinə cavabında həmin mitinqin keçirilməsi ilə bağlı hər hansı qadağanedici və məhdudlaşdırıcı norma xarakterli münasibət əks olunmayıb. Cavabda yalnız mitinqin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi ifadə edilib. BŞBPİ-yə mitinq təşkilatçılarının təqdim etdiyi müraciətdə və ona əlavə edilən sənədlərdə göstərilirdi ki, “mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik” ifadəsinin inzibati orqanın qadağanedici qərarı, hərəkəti olmadığı, yalnız qadağanedici qərar olmayan məktubla cavab ifadəsi olduğu haqqında qüvvəyə minmiş məhkəmə qərarları vardır. Odur ki, məhkəmələrin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qəralarından və həmin qərarlardakı “planlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik” ifadəsinin hansı məzmunda şərh olunmasından sonra Bakı İcra Hakimiyyəti 23 iyul tarixinə planlaşdırdığımız mitinq barədə xəbərdarlıq müraciətinə “23 iyul 2019-cu il tarixdə planlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik” şəklində cavab veribsə, bu, mitinqin sanksiyalaşdırılması deməkdir".
Bəyanatın sonunda deyilir ki, kütləvi aksiyaların, o cümlədən mitinqlərin keçirilməsi ilə bağlı növbəti qərarlar barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Geri qayıt