Əsas Səhifə > SİYASƏT > Bunu edənlər cərimələnəcək - Nazirlər Kabineti təklifi qəbul etdi

Bunu edənlər cərimələnəcək - Nazirlər Kabineti təklifi qəbul etdi


24-07-2019, 08:54
  Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nazirlər Kabinetinə (NK) verdiyi təklif qəbul edilib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Direktorun sözlərinə görə, bu cərimələrin yeni yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tətbiq edilməsi nəzərdə tutulur.
Akademik mərkəzin noyabrın 1-dək fəaliyyətə başlayacağı qənaətindədir:
"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması üçün bütün qanunverici sənədlər imzalanıb, yalnız Monitorinq Mərkəzinin yaradılması haqqında Prezidentin sərəncamının verilməsi məsələsi qalıb. Bu il noyabrın 1-də Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalamasının 1 ili tamam olacaq. Hesab edirəm ki, Mərkəz həmin vaxtadək - noyabrın 1-dək fəaliyyətə başlayacaq".
M.Nağısoylu bildirib ki, Monitorinq Mərkəzi afişalar, reklamlar və elanlarda normaların pozulması hallarının aradan qaldırılması üçün qurumlara göstərişlər verəcək, təbliğat işləri aparacaq: "Biz ədəbi dil normalarının pozulmasına görə cərimənin tətbiqini də təklif etmişik. Cərimələrin həm fiziki, həm də hüquqi şəxslər üçün tətbiqi təklif edilib. Bu təklifimiz NK tərəfindən qəbul edilib".
Xatırladaq ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanına əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Mərkəz Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək (Trend).
Geri qayıt