Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Qlobal ərzaq qiymətləri son 10 il üçün rekord həddə çatıb

Qlobal ərzaq qiymətləri son 10 il üçün rekord həddə çatıb


4-11-2021, 15:12
 Dünyada ərzaq məhsullarının qiymətləri 10 illik maksimumu yeniləyib.
Şəffaflıq.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) oktyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksinin aylıq müqayisədə 3 % artaraq 133,2 bəndə çatdığını açıqlayıb. Bununla da, qiymətlər 2011-ci ilin iyul ayından bəri ən yüksək həddə çatıb. Bahalaşma ilk növbədə bitki yağlarının, dənli bitkilərin qiymətlərinin artması ilə bağlıdır.
Bitki yağlarının qiymət indeksi sentyabra nisbətdə 9,6 % və yaxud 16,3 bənd artaraq 184,8 bəndə çatıb. Artım əsasən palma, soya, günəbaxan və kolza yağlarının bahalaşması hesabına olub.
Dənli bitkilərin qiymət indeksi isə aylıq müqayisədə 3,2 % və yaxud 4,3 bənd artmaqla 137,1 bənd olub. Aktiv qlobal tələb fonunda ixrac təklifinin azalması ilə bağlı ən çox buğda bahalaşıb. Arpanın belə qiyməti artıb.
Süd məhsullarının qiymət indeksi 120,7 bəndə kimi artıb. Ən çox yağsız və bütöv quru süd, kərə yağı bahalaşıb.
Hesabat dövründə ət indeksi 0,7 % və yaxud 0,8 bənd azalaraq 112,1 bənd olub. Ən çox donuz ətinin kotirovkaları düşüb. Bu, Çinin idxalı azaltması ilə bağlıdır. Mal ətinin qiymətlərinin azalması Braziliyadan tədarük edilən ətin kəskin ucuzlaşması ilə əlaqədardır. Quş ətinin qiymət kotirovkaları əksinə yüksək qlobal tələbin təsiri ilə artıb. Eyni zamanda yemlərin bahalaşmasından və xüsusilə Avropada quş qripinin olmasından dolayı istehsal həcmləri zəif templə artır.
Ötən ay şəkərin qiymət indeksləri 1,8 % və yaxud 2,1 bənd azalaraq 119,1 bəndə düşüb. Ucuzlaşma dünya bazarlarında idxal tələbinin məhdud olması, həmçinin Hindistan və Taylandın ixrac həcmlərini artıracağına dair proqnozlarla bağlıdır.

Geri qayıt