Əsas Səhifə > İqtisadiyyat > Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verilib
Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verilib2-11-2021, 13:54 |
Bu gün “SOCAR Tower”də SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına başlanılması və 2016-cı ildə buraxılmış ilkin istiqrazlarla bağlı hesabat tədbiri keçirilib. Bu barədə Şəffaflıq.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. Bildirilib ki, SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi, tədbirin moderatoru Əli Ağaoğlunun giriş nitqindən sonra, 2016-cı ildə buraxılmış ilkin SOCAR İstiqrazları ilə bağlı hesabat xarakterli videoçarx nümayiş olunub. SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov çıxış edərək SOCAR İstiqrazlarının yaranma tarixçəsindən, ölkə iqtisadiyyatına töhfələrindən və buraxılmış yeni istiqrazlara investorların böyük marağından söz açıb. Tədbirdə iştirak edən Mərkəzi Bankın Kapital Bazarlarına Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov və Bakı Fond Birjasının sədri Eldar Abdullayev çıxışlarında SOCAR İstiqrazlarının qiymətli kağızlar bazarının inkişafında rolundan və digər korporativ istiqrazların emissiyasına qazandırdığı stimuldan bəhs etmiş, ilkin istiqrazların birjada ən çox investisiya edilmiş qiymətli kağız olduğunu vurğulamış, əksəriyyəti fiziki şəxslər tərəfindən satın alınmış 100 milyon ABŞ dolları məbləğindəki yeni SOCAR İstiqrazlarının 1 noyabr tarixində birjada yerləşdirilməsini daxili kapital bazarlarının yeni bir uğuru kimi dəyərləndiriblər. SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi Əli Ağaoğlu Azərbaycan iqtisadiyyatının flaqmanı olan SOCAR-ın meqa-layihələrlə birgə, investorlar üçün alternativ investisiya imkanı yaratmaqda davam etdiyini, 100 milyon ABŞ dolları həcmində buraxılmış yeni istiqrazlara 380 milyon ABŞ dollardan artıq tələb gəldiyini nəzərə çatdırmış və şirkətin daxili kapital bazarlarının inkişafına töhfə verməkdən qürur duyduğunu vurğulayıb. Tədbirin sonunda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının başlandığını elan edən rəmzi açılış zəngi çalınıb. Xatırladaq ki, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılıb. Faiz gəliri 4,5 %-dir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış “SOCAR İstiqrazları” köşklərindən, eləcə də Azərbaycanda xidmət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür. SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə “PSG Kapital” investisiya şirkətini marketmeyker qismində cəlb edib. Geri qayıt |