Əsas Səhifə > ELM VƏ TƏHSİL > İnam Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

İnam Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb


30-10-2021, 12:18

 "Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir.
Şəffaflıq.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Cavid Hümbətovla görüşüb.
Görüşdə İnam Kərimov Cavid Hümbətovun praktiki işlərə cəlb olunmasında maraqlı olduğunu bildirib və ilkin təkliflərin hazırlanması üçün tapşırıq verib. Cavid Hümbətov yaradılan şəraitə görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü bildirib və mentorluq proqramı çərçivəsində nazir İnam Kərimovun şəxsi təcrübəsindən faydalanmaq istəyini diqqətə çatdırıb.
“Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, gənclər və idman naziri Fərid Qayıbov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Ombudsman Səbinə Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev daxildirlər.
Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib.

 
Geri qayıt