Əsas Səhifə > Dünya > SOCAR-ın Özbəkistandakı layihəsi üçün yeni investor axtarılır
SOCAR-ın Özbəkistandakı layihəsi üçün yeni investor axtarılır29-10-2021, 13:41 |
"Böyük Britaniyanın bp şirkətinin siyasətinin və prioritetlərinin dəyişməsi onun Özbəkistandakı axtarış-kəşfiyyat layihələri üzrə planlardan imtina etməsi ilə nəticələnib. Hazırda yeni investor axtarılır". Bunu “Report” müsahibəsində yaxın zamanlaradək Özbəkistanın energetika nazirinin müavini olmuş, hazırda isə “Uztransqaz”a rəhbərlik edən Behzot Narmatov bildirib. O deyib ki, layihənin digər tərəfdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) isə layihəyə münasibəti dəyişməyib. İlk növbədə ona görə ki, layihə üzrə elmi-tədqiqat işləri bp-nin dəstəyi ilə, əsasən elə SOCAR-ın mütəxəssisləri tərəfindən həyata keçirilib. 2018-ci ildə Üstyurd regionunun potensialının qiymətləndirilməsi üzrə bp, SOCAR və “Uzbeknefteqaz” arasında əməkdaşlıq haqqında üçtərəfli memorandum imzalanıb. 2019-cu ilin mayında regionun 3 blokunda kəşfiyyat potensialının qiymətləndirilməsi haqqında razılaşmanın imzalanması ilə birgə tədqiqat işlərinə start verilib. “Böyük beynəlxalq enerji şirkətləri strategiyanı dəyişib dekarbonizasiya – “yaşıl energetika” yolunu seçənədək hər şey çox yaxşı gedirdi. Bu, ənənəvi faydalı qazıntılar üzrə yeni kəşfiyyat işlərinə investisiya yatırılmasından imtina ilə nəticələndi”, - B.Narmatov deyib. Onun sözlərinə görə, bu, elə vaxt baş verdi ki, artıq tərəflər məhsulun pay bölgüsü və geoloji kəşfiyyat haqqında razılaşma imzalamağa hazırlaşırdılar: "Bu razılaşmaya görə əsas investor bp şirkəti olmalı idi. Hazırda layihəyə digər şirkətlərin cəlb edilməsi imkanını nəzərdən keçiririk. Bu böyük bir layihə, dərin, yüksək elmi texnologiyalar və resurslar tələb edən neft yatağıdır. Layihə hələ də sağdır, amma “gözləmə” rejimindədir”. O əlavə edib ki, söhbət, təxminən, 500 milyon barel neft ehtiyatlarından gedir. Hazırda paralel olaraq bir neçə şirkətlə danışıqlar aparılır. Daha sonra, hər hansı sənədlərin imzalanmasından öncə bu, hazırki tərəfdaş kimi SOCAR ilə razılaşdırılmalıdır. Layihənin maraq obyekti Özbəkistanın şimal-qərbində yerləşən 3 investisiya blokudur. Bunlar Aral dənizi, Samsko-Kosbulak və Bayterekdir. Şəffaflıq.az Geri qayıt |