Əsas Səhifə > Cəmiyyət > 1937-ci il olayları və Mir Cəfər Bağırov
1937-ci il olayları və Mir Cəfər Bağırov20-07-2019, 17:29 |
Qondarma məhkəmə prosesinə yenidən baxış... Çoxsaylı arxiv sənədləri və saysız-hesabsız dəlil-sübutlar birmənalı şəkildə təsdiq edib ki, Azərbaycan respublikasının və ümumiyyətlə Azərbaycan xalqının 1937-1938-ci illər repressiyalarındakı insan itkisi əhali sayını və nisbətini nəzərə aldıqda başqa xalqların itkilərindən az olub. Bunun üçün 1936-cı ilin yanvarın 1-dən 1938-ci ilin iyul ayının 1-nə kimi 00447 №-li əmr əsasında həbs olunan və güllələnən vətəndaşların milli tərkibi haqqında statistik məlumata baxmaq kifayət edir. (Statistika məlumatı Mir Cəfər Bağırov saytında var – F.B.) O vaxt SSRİ-nin bütün ərazisində adamlar arasında ən qorxuncluğu və iyrəncliyi ilə populyar olan “troyka” - “üçlük”lər yaradılmışdı. Azərbaycanda 1937-ci ilin avqustunda Mir Cəfər Bağırovun təklifi ilə Y. Sumbatov, C. Axundzadə və T. Quliyevdən ibarət olmaqla “Üçlük” yaradıldı. “Üçlük” təhlükəsizlik orqanlarının göndərdiyi siyahıları yoxlaya bilər, vəkil və ya prokurorun iştirakı olmadan məhkəmə keçirə bilər və ölüm hökmü daxil olmaqla istənilən qərarı qəbul edə bilərdi. Samir İsayevin “Azərbaycanda Böyük Terror və Bağırovun rolu” yazısında Mir Cəfər Bağırov da “Üçlüy”ün üzvü kimi təqdim olunur. Ancaq Mir Cəfər Bağırovun biblioqrafı Fazil Məmmədovun və tanınmış yazıçı, arxiv tədqiqatçısı Teyyub Qurbanın araşdırmalarında belə fikrə rast gəlinmir. “Birinci “üçlük”dən sonra 1938-ci ildə Daxili İşlər Komissarı Rayev, Mirteymur Yaqubov və adını unutduğum daha bir nəfərin olduğu ikinci “üçlük” yaradıldı. Yalnız bu “üçlük” beş mindən çox adamın güllələnməsi haqqında qərar çıxarmışdı.” (Fazil Məmmədov “Xruşşovun qərəzli və sifarişli Bakı divanxanası”, səh. 354) 1936 – 1938-ci illərdə “Üçlük”lərin işlərinə prokuror nəzarəti tamamilə olmamış, ya da formal xarakter daşımışdır. Müxtəlif vaxtlarda “Üçlüy”ə Y. Sumbatov, M. Rayev, M. Yaqubov sədrlik etmişlər. Həmin illərdə Respublika prokurorları olmuş Əbdülhəmid Yaqubov, Bahadur Vəlibəyov, Ağahüseyn Əlihüseynov, nəinki, XDİK-nın qeyri – qanuni əməllərinə qarşı çıxmış, əksinə, onlara yardım etmişlər. “Troyka”nın iclaslarında Mir Teymur Yaqubov – üçlüyün üzvü, respublika komsomolu MK-nın birinci katibi, 1938-ci ilin əvvəlindən AK(b)P MK-nın III katibi, Teymur Quliyev – Respublika Ali Məhkəməsinin sədri, İ. Lixovidov – “Üçlüy”ün üzvü, XDİK qoşunlarının hərbi prokuroru, Ağahüseyn Əlihüseynov – Respublika Prokuroru fəal şəkildə iştirak etmişlər. Düzdür, repressiyaya ən çox məruz qalan, itki verən Azərbaycan ədəbiyyatı, müxtəlif elm və istehsalat sahələri olub. Ancaq buna Mir Cəfər Bağırov idimi günahkar ? Yeri gəlmişkən, Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziliyinin orqanı olan “Sərhəd” qəzetinin “Yaddaşın bərpası” adlanan xüsusi buraxılışlarında Azərbaycanda siyasi motivlərə görə ağır cəza almış vətəndaşların adları daxil edilmiş siyahılar dərc olunmuşdur. Bu siyahılarda adları göstərilən vətəndaşların milli tərkibini müqayisə etdikdə yenə siyahının çox az hissəsinin azərbaycanlılar təşkil etdiyinin şahidi olursan. Bunu əsas tutaraq Mir Cəfər Bağırovun respublikaya rəhbərlik etdiyi dövrdə azərbaycanlıların kütləvi surətdə qırılması haqqında saxtakar Rudenkonun uydurduğu əfsanələrə bir dəfəlik son qoymaq lazımdır. Stalin və hakimiyyətdə olanların hamısı çox gözəl bilirdilər ki, Sovet hökumətinə qarşı potensial müxalifət siyasi cəhətdən tamamilə zərərsizləşdirilib, müxalif qüvvələr fiziki məhv edilib. Baxmayaraq ki, 1934-cü ilin yanvar – fevral aylarında keçirilmiş XVII partiya qurultayı elan etmişdi ki, artıq müxalifət yoxdur, ancaq rəhbərlər “daxili və xarici düşmənlərlə döyüşü” davam etdirirdilər. Rus tarixçiləri Roy Medvedyevə görə Böyük Terror zamanı 7 milyon, Andrey Saxarova görə 12 milyon nəfər repressiyaya məruz qalmış, bunlardan 1, 1 milyonu güllələnmişdir. Ancaq Anastas Mikoyan təsdiq edib ki, 1935-ci ildən 1940-cı ilə kimi 20 milyon adam repressiyyaya məruz qalıb, bunlardan 7 milyonu güllələnib. Bəzi Azərbaycan “tarixçiləri” yazırlar ki, repressiyalar həm də Mir Cəfər Bağırova öz siyasi rəqibləini məhv etmək üçün ideal şərait yaratmışdı. Guya o da bu şəraitdən istifadə edib heç kimlə hesablaşmadan ətrafındakıları aradan götürüb. Necə gülməli görünür. Belə düşünən “tarixçilər” müharibədən qabaqkı dövrlə indiki dövrü səhv salırlar. Sirr deyil ki, indi cavanlar karyerada uğur qazanmaq üçün YAP-a üzv olurlar. O dövrdə də xeyli insanın təqibdən yaxa qurtarmaq və ya müəyyən imtiyazlar əldə etmək üçün partiyaya üzv olmaları barədə arxiv materialları var. İndiki tarixçilər başa düşmək istəmirlər ki, o dövrdə vəzifəyə keçmək, karyerada irəliləmək üçün yerlibazlıq, tayfabazlıq, rüşvətxorluq və başqa kimi neqativ hallar olmamışdır. Bəzi “tarixçilər” də “qara maşın” xofu yaradırlar. O vaxt maşın çox az olub və bütün maşınlar qara rəngdə olub. “M – 1” markalı maşının başqa rəngini görən olubmu ? Düzdür müharibədən çox sonralar maşın həvəskarları atılmış maşınlardan ehtiyat hissələrini toplayaraq “M – 1” markalı maşınların bir neçəsini təmir edib başqa rənglə rəngləyib sərgiyə qoymuşdular. Ancaq o dövrdə maşınlar qara olub. Əsərlərində ““Qara maşın” aparanlar geri qayıtmır”, yazan yazıçılar özləri kimlərə xidmət edibsə bilinmir. “Qara maşın” aparanların bəziləri yüksək vəzifələrə də irəli çəkiliblər. Saxtakar dövlət ittihamçısı Rudenkonun qondarma və sifarişli Bakı məhkəməsinə gəldikdə isə yenə “tarixçilər”imiz arxivə istinadən yazılmış kitabları oxumayıb Əkrəm Əylisinin saxta materiallarını əllərində rəhbər tutmaqda davam edirlər. Arxiv materialları sübut edir ki, Rudenko uydurulmuş əfsanələrin məhkəmə prosesində əvvəlcədən öyrədilmiş yalançı şahidlərin dili ilə dönə - dönə təkrar edilməsinə cəhd göstərmiş və heç bir əsası olmayan uydurma bəhanələrinə həqiqət donu geyindirməyə çalışmışdır. Bu məqsəd üçün məhkəmə prosesinə 65 nəfər yalançı şahid cəlb olunmuşdur. Bu şahidlər müxtəlif cinayətlərdə iştirakçı olmuş cinayətkarlar, müxtəlif məsul vəzifələrdə işləmiş, təhlükəsizlik, daxili işlər, prokurorluq, məhkəmə orqanlarından qovulmuş yaramaz ünsürlərin və məhbusların arasından seçilmişlər. Onlar şahmat düzülüşü ilə məhkəmə zalında yerləşdirilmişlər. Onların bəziləri proses zamanı öyrədilmiş sözlərlə danışmalı, üzə durmalı, bəziləri isə qarğış etməli, haray salmalı, söyüş söyməli idilər. Müxtəlif yerlərdə oturmuş SSRİ-nin başqa – başqa yerlərindən gətirilmiş üzlərində, başlarında dərin çapıqlar olanlar da arada qalxıb çapıqlarını nümayiş etdirməyə öyrədilmişdilər. Onlar dönə - dönə təlimatlandırılmış, onlara qabaqcadan nə demək lazım olduğu öyrədilmiş, qorxudulmuş, şirnikləndirilərək ələ alınmış və tutduqları vəzifələrdə saxlanılacaqlarına, hətta irəli çəkiləcəklərinə söz verilmiş, ayrı – ayrı əməllərdə günahı və suçu olanları bağışlanacaqlarına inandırılmışlar. Bundan əlavə Rudenkonun qovluğunda istintaqa yalan məlumat vermiş, lakin Mir Cəfər Bağırovdan çəkinərək məhkəmə prosesində iştirak etmək istəməyən daha yüz nəfərə yaxın qondarma şahidlərin ifadələri var idi. Özünün Mir Cəfər Bağırovun biblioqrafı Fazil Məmmədova səmimi şəkildə etiraf etdiyi kimi belə şahidlərdən biri də Məmməd Əmin Şəkinski idi. Məmməd Əmin Şəkinski Mir Cəfər Bağırovun etibar edib vəzifəyə qoyduğu adam olmuşdur. O, Baş milis idarəsində inzibati şöbənin rəisi vəzifəsinədək yüksəlmişdi. Rudenkonun təkidli təklifinə əsasən Mir Cəfər Bağırov haqqında SSRİ Prokurorluğuna bir neçə dəfə şikayət ərizəsi ilə müraciət edən və istintaqa geniş ifadə verən, lakin Azərbaycan rəhbərinin zəhmindən vahimələnərək məhkəməyə gəlmək istəməyənlər arasında Moskvada yaşayan və Xruşşovun sevimlisi kimi tanınan Olqa Şatunovskaya da olmuşdur. Olqa Şatunovskaya 1920 – 1929-cu illərdə Bakıda bir sıra rayon partiya və komsomol təşkilatlarının katibi işləmişdir. Törətdiyi millətçilik əməllərinə, partiyanın baş xəttinə qarşı çıxdığına görə 1929-cu ildə L. Mirzoyanın dəstəsi ilə Bakıdan uzaqlaşdırılmışdır. 15 il həbsxana həyatı yaşamış O. Şatunovskaya İ. Stalini, L. Beriyanı, M.C. Bağırovu özünün şəxsi düşmənləri hasab etmişdir. O, 1953-cü ildə Stalin və Beriya xəyanətkarcasına öldürüldükdən sonra xüsusilə fəallaşmış, uzun illər cəza çəkdiyi dustaq düşərgəsindən Moskvaya gəlməyə müvəffəq olmuşdur. Qondarma Bakı Məhkəməsinin yalançı şahidləri içərisində onun xüsusi yeri olmuşdur. Öyrədilərək öz böhtançı ifadələrində tanınmış rəhbər işçilərdən Orconikidzenin, Kosiorun və başqalarının öldürülməsində Mir Cəfər Bağırovun günahı olduğunu vurğulamışdır. Onun sifarişli Bakı Məhkəməsindəki qərəzli ifadələri ona böyük “şöhrət gətirmiş” və seperatçı Xruşşov – Malenkov – Suslov qrupu tərəfindən yüksək qiymətləndirilmişdir. Məhkəmədə əvvəldən axıra kimi iştirak edən, lakin şahid qismində dindirilməyən ən böyük yalançı şahidlərdən biri məşhur “Cibgir Klara” kimi tanınmış Klara Ağababa qızı Yusifzadə olmuşdur. Klara 1937-ci ildə cəzalandırılmış Ruhulla Axundovun arvadı Frida Şlyomova, övladları Fərid və Nelli ilə bir cərgədə oturmuşdur. Həmin cərgədə onların yanında Dövlətovun qızı Laura, B. Talışlının qızı Sona, Xanbudaqovun qızı, Əhməd Cavadın oğulları Aydın və Tukay, habelə Qalya Stesko, Liliya Enqver də oturmuşlar. Klara 15 gün məhkəmə zalında bu adamların arasında əyləşmiş, ona qabaqcadan tapşırılmış işləri (hay – küy salmaq, söyüş söymək, qarğış yağdırmaq, müttəhimə hücum etməyə cəhd göstərmək, ucadan ağlamaq, qışqırmaq və s.) xüsusi bir həvəslə həyata keçirməyə çalışmışdır. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arasında keçirən Klara Yusifzadənin özü haqqında dedikləri onun necə yalançı şahid olduğunu açıq – aydın sübut edir. (Geniş məlumat: F. Məmmədov - “Xruşşovun qərəzli və sifarişli Bakı divanxanası”, səh. 360 - F.B.). (Ardı var) Geri qayıt |