Əsas Səhifə > SİYASƏT > İran Azərbaycana qarşı “yumşaq gücü” işə salıb

İran Azərbaycana qarşı “yumşaq gücü” işə salıb


10-10-2021, 00:04

İran son günlər Azərbaycan sərhədlərinə quru qoşunlarını cəmləşdirməsi və Bakını təhdid etmək üçün genişmiqyaslı hərbi təlimlər keçirməsi ilə beynəlxalq gündəmin mövzularından birinə çevrilib. Hərçənd İranın ötən əsrin 60-70-ci illərindən qalma silahlarla silahlanmış quru qoşunlarının keçirdiyi "Xeybər fatehləri" (Tehran bu təlimləri "sionist rejimin Azərbaycan ərazisində iştirakına qarşı" mesaj vermək üçün keçirdiyini deyirdi,-red.) təlimləri hərbi-siyasi nöqteyi-nəzərdən Bakını bir o qədər də narahat etməyib. Lakin İranın Azərbaycana qarşı indi yox, uzun illərdir tətbiq etdiyi "yumşaq güc" bu ölkənin quru qoşunlarının sərhəddə cəmləşdirilməsindən daha çox narahatlıq doğurur.

"Xeybər fatehləri" təlimi

Bu yumşaq güc İslam Respublikasının əsasında dayanan dini-siyasi ideologiyanın Azərbaycan da daxil olmaqla region ölkələrinə, o cümlədən Yaxın Şərqə yayılması üçün tətbiq edilir. Bəlli olduğu kimi İslam Respublikasının ideologiyasının əsaslarından biri regionda onunla eyni ideologiyanı bölüşən, yəni islamın şiəlik cərəyanını siyasi idarəçiliyin əsasları kimi qəbul edən rejimlərin formalaşdırılması təşkil edir. Azərbaycan əhalisinin böyük əksəriyyətinin şiə müsəlmanlardan ibarət olması isə İran üçün nəzəri baxımdan daha münbit imkanlar açmalı idi, amma dünyəvilik və türkçülük ideologiyalarının möhkəm kök saldığı ölkədə İran öz ideologiyasını yeritmək üçün on illərdir yürütdüyü fəaliyyətdə istədiyi nəticəni əldə edə bilmir.

Xameneyinin yaratdığı QHT...

İranın bu "yumşaq gücü" 1990-cı ildə dini lider Xameneyi və digər nüfuzlu elita nümayəndələri tərəfindən yaradılmış Əhli-Beyt Dünya Assambleyasında cəmləşib. Bu, formal olaraq qeyri-hökumət təşkilatıdır və məqsədi dünya üzrə Əhli-Beyt tərəfdarlarını aşkara çıxarmaq, onları təşkilatlandırmaq, təlim keçmək və dəstəkləməkdən ibarətdir. Başqa sözlə, söhbət siyasi islamın yayılması üçün İranın hər il yüz milyonlarla dollar sərf etdiyi, hazırda dünyanın onlarla ölkəsində mövcudluğunu təmin etmiş, İran xüsusi xidmət orqanlarının bilavasitə nəzarətində olan və ya əslində onun qollarından birini təşkil edən təşkilatdan gedir.

Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının on illərdir İranın bu "yumşaq güc" vasitəsilə öz təsir imkanlarını genişləndirməsinin qarşısını almaq üçün kompromissiz fəaliyyətini nəzərə alaraq ayətullahlar həmin aləti ölkəmizə qarşı əsasən üçüncü ölkələr üzərindən işə salmağa başlayıb. Bunun üçün isə münbit şərait və imkanlar var-Rusiya, Ukrayna və digər keçmiş sovet respublikasında əsasən sosial-iqtisadi səbəblərdən miqrasiya etmiş milyonlarla azərbaycanlı yaşayır. Onların arasında dindarlar, ümumi savadı aşağı olduğu üçün asanlıqla müxtəlif ideoloji təsirlərin altına düşməyə meylli olanlar də az deyil. Belələri isə İranın "yumşaq güc" alətinə çevrilmək üçün potensial materialdır.

Bu məqama keçməzdən əvvəl qeyd etmək lazımdır ki, İran şiəliyin yayılması və təbliği ilə təkcə müsəlman ölkələrində məşğul olmur. Məsələn, Rusiyada hələ 90-cı illərin ortalarından çoxsaylı Əhli-Beyt təşkilatları yaradılıb, onların sıralarında çoxsaylı azərbaycanlılar cəmləşib.

Rusiyadakı şiə təşkilatlarında çoxsaylı azərbaycanlılar cəmləşib

Rusiyada nəşr edilən "Müsəlman dünyası" elmi jurnalının baş redaktoru, Milli Strategiyalar İnstitutunun eksperti Rais Süleymanovun Rusiya KİV-lərindən birinə müsahibəsində deyilir ki, 1996-cı ildə Moskvada ilk Əhli-Beyt Cəmiyyəti (sədri-Musa Qurbanov) yaradılıb.

Rais Süleymanov

2006-cı ildə isə Yekaterinburqda analoji cəmiyyət yaradılıb (sədri-Elxan Səmədov). Moskvada isə 2018-ci ildən belə cəmiyyət fəaliyyət göstərir, sədri Əlmərdan Qurbanovdur. Analoji cəmiyyətlər Xabarovskda, Sankt-Peterburqda, Rostovda, Samarada, Dağıstanda, Həştərxanda da fəaliyyət göstərir. R.Süleymanovun sözlərinə görə, bütün bu şiə cəmiyyətlərinin üzvləri əsasən azərbaycanlılardır, amma digər millətlərdən də üzvlər var. Onların  hamısının Əhli-Beyt Dünya Assambleyası tərəfindən idarə edildiyini demək çətindir, amma İranın bu cəmiyyətlərə birbaşa və dolayısı təsirləri şübhə doğurmur.

Qeyd etmək lazımdır ki, keçmiş SSRİ məkanında bu təşkilatın filiallarının qurulması 2000-ci illərin əvvələrindən başlayıb  və bu işdə əsasən İranda  dini təhsil almış Azərbaycan vətəndaşlarının imkanlarından geniş istifadə olunub.

Əlbəttə, İranın Rusiyada şiəliyi yaymasının başlıca məqsədlərindən biri İslam Respublikasının xaricdə təsir rıçaqlarını formalaşdırmaqdır. Amma İran xüsusi xidmət orqanları bu ölkədəki azərbaycanlı dindarları potensial olaraq həm də Azərbaycanın cənub bölgəsində separatçılığı alovlandırmaq vasitələri kimi istifadə edir. Son illərdə İran xüsusi xidmət orqanlarının Əhli-Beyt cəmiyyətləri üzərindən apardığı fəaliyyətin təhlili belə qənaətə gəlməyə əsas verir ki, SEPAH hazırda Azərbaycan cənub bölgəsində separatçılığı alovlandırmağı və İrana bağlı radikal şiə qrupları formalaşdırmağı özünün əsas taktikası kimi seçib. Rusiyada yaşayan və Azərbaycanın cənub bölgəsindən olan şəxslərə İran xüsusi xidmət orqanlarının marağının artması da buna dəlalət edir. Məhz bu fəaliyyətin nəticəsidir ki, Rusiyada məskunlaşmış  və əsasən cənub bölgəsindən olan bəzi şəxslər sosial şəbəkələrdə İranın Azərbaycana qarşı təbliğatı ruhunda çıxışlar etməkdədir.

Hacı Sabir Əkbəri

Ayətullahın nümayəndəsi Sabir Əkbəri Ciddi, onun yaxın adamı Famil Cəfərov...

Rusiyada fəaliyyət göstərən və İrana bağlı dini təşkilatlardan bəzilərinin fəaliyyətinə nəzər salaq. Belə təşkilatlardan biri 2014-cü ildə fəaliyyətə başlamış Moskva İslam Mərkəzidir. Onun rəhbəri Hacı Sabir Əkbəri Ciddi adlı şəxsdir. Sabir Əkbəri Ciddi həm də İran dini liderinin Rusiyadakı nümayəndəsidir. Bu mərkəzdə hər həftənin cümə günü dini məclislər təşkil edilir və ora toplaşanların arasında azərbaycanlılar da yer alır. Eyni zamanda Moskvada Hacı Sabirin yaxın adamı olan, 1968-ci ildə Lənkəranda anadan olmuş Famil Cəfərovun rəhbərlik etdiyi, İrana bağlı olan daha bir dini təşkilat-"Hüseyniyyə cəmiyyəti" fəaliyyət göstərir. Moskvada yaşayan azərbaycanlılardan aldığımız məlumatlara görə, ayətullah Xamneyinin nümayəndəsi bir sıra təşkilat və qeydiyyat məsələlərini Famil Cəfərov vasitəsilə həll edir. Habelə Moskva İslam Mərkəzinə toplaşanların sayı son vaxtlar azaldığından Sabir Əkbəri Ciddinin də iştirakı  İrandan bir çox ruhanilər, moizə oxuyanlar dəvət olunaraq onlarla "Hüseyniyyə cəmiyyəti"ndə görüşlər təşkil edilir.

Moskvada "Əhli Beyt Rusiya İslam Cəmiyyəti" adlı digər dini təşkilat da fəaliyyət göstərir ki, bu təşkilatın rəhbəri Hacı Nizami Baloğlanovdur. O da Azərbaycanın cənub bölgəsindəndir. Baloğlanov bu ilin iyul ayında prezident Vladimir Putinə müraciət edərək cəmiyyətin fəaliyyət göstərməsi üçün məkan ayrılmasını xahiş edirdi. Belə məlum olur ki, həmin təşkilat 20 ildir Moskvadakı Sülh prospektində fəaliyyət göstərib, amma orada yeni məscid tikiləndə köçməli olub. Deyir ki, məscidi azərbaycanlıların puluna tiksələr də onun sahibi Rəşid adlı tatardır və onları məscidə buraxmır.

Gürcüstan azərbaycanlıları necə sünnüdən şiəyə çevrildi

İran xüsusi xidmət orqanları digər qonşu ölkədə-Gürcüstanda da şiəliyin yayılması üçün sistemli fəaliyyət göstərir və belə görünür ki, bu işdə ciddi nəticə də əldə edə bilib. Bu fəaliyyət əsasən 2000-ci illərin əvvəllərindən Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində başlayıb. Nəticədə 90-cı illərdə həmin bölgələrdə yaşayan azərbaycanlıların az qala 90 faizi sünnü məzhəbinə mənsub olduğu halda hazırda sünnülər azlıqda qalıb. Əhalinin 60 faizə yaxını şiə məzhəbinə mənsubdur, qalan 40 faizi isə özünü sünnü məzhəbinə və onun qollarına aid edir.

Borçalıda Əhli-Beyt

Bundan əlavə Gürcüstanda son 20 il ərzində çoxsaylı iranmeyilli təşkilatlar yaradılıb, nəhayət 2014-cü ildən Gürcüstan hökuməti İranın bu ideoloji-siyasi təsir imkanlarının artmasından narahat olub və ona qarşı tədbirlər görməyə başlayıb. Bu məqsədlə Gürcüstan Müsəlmanları İdarəsi yaradılıb və ora dövlət tərəfindən maliyyə ayrılıb.  2018-ci ilin əvvələrindən başlayaraq isə kütləvi surətdə İran emissarlarının  Gürcüstan ərazisindən deportasiyasına başlanılıb.  Lakin buna baxmayaraq hazırda İran vətəndaşları tərəfindən idarə olunan və  azərbaycanlılar arasında iranmeyilli dindar bazanın formalaşdırılması üçün əsas dayaqlarından hesab olunan bir sıra cəmiyyətlər, mərkəzlər öz fəaliyyətini davam etdirir.

bunlardan biri İranın Gürcüstandakı Mədəniyyət Mərkəzidir, 2010-cu ildə fəaliyyətə başlayıb, İran səfirliyi ilə sıx əlaqədə işləyir. Rəhbəri vaxtilə İran prezidentinin müşaviri, mədəniyyət və islami əlaqələr Təşkilatının sədri olmuş Mehdi Mustafavidir. (O, 2009-cu ildə həmin statusda Bakıda səfərdə olub, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilib.)

Mehdi Mustafavi

Gürcüstandakı digər İran mərkəzləri arasında Tbilisinin Vaşlicuveri qəsəbəsində fəaliyyət göstərən, "İran məscidi" adlanan məscid (axund İran vətəndaşı Əkbəri), Zemovedisi rayonunda fəaliyyət göstərən və  "İran məscidi" adlanan məscid (rəhbəri Seyfulla Müdəbbiri (qardaşı Əli Müdəbbiri Gürcüstandan deport olunub), Əl-Mustafa Beynəlxalq universitetinin Gürcüstan üzrə nümayəndəliyi (rəhbəri Davud Zarei) də yer alır.

İran Ukrayna azərbaycanlıları arasında da fəal işləyir

İran xüsusi xidmət orqanları Ukraynada da fəaliyyətini əsasən Əhli-Beyt Dünya Assambleyası vasitəsilə aparır. Həmin qurumun Kiyevdəki nümayəndəliyinə əslən Təbrizdən olan Əhməd Sabunçu adlı şəxs rəhbərlik edir. "Əhli Beyt" mədəniyyət mərkəzi 2010-cu ilin sonlarından Kiyevin Otradniy küçəsində yerləşən 3 mərtəbəli binada fəaliyyət göstərir.

Əhməd Sabunçu

Binanın Ukraynada yaşayan azərbaycanlıların maddi imkanları vasitəsilə alındığı barədə məlumat da var. Təşkilatın yerləşdiyi binanın içərisində İranın simvolları, həmçinin bu ölkənin dini rəhbərlərinin portretləri asılıb.  "Əhli Beyt" cəmiyyətinin fəal üzvləri Kiyevdə yaşayan və əslən Azərbaycandan olan Ukrayna vətəndaşlarıdır.

Onların əsas fəaliyyəti Azərbaycan icmasının əsasən imkansız olan müxtəlif dini mərasimlərə dəvət etməklə Islam dəyərləri ilə yanaşı İranın ideyalarını təbliğ etməkdir. Keçirilən mərasimlərdə bir qayda olaraq ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilir. Ukraynadakı azərbaycanlılar icmasındakı mənbələr deyirlər ki, cəmiyyətin Azərbaycandan olan fəal üzvləri çoxdan İranın təsir agentlərinə çevriliblər. Onlar ABŞ və İsraillə yanaşı Azərbaycan dövlətinə qarşı da təbliğat aparırlar. Bu zaman Azərbaycanda "islam dəyərlərinin tapdalanması" kimi iddialardan istifadə edilir.

Namiq Babaxanov

Namiq Babaxanov kimdir, nə işlə məşğul olur...

Hazırda Kiyev şəhərində yaşayan və orada dini fəaliyyətlə məşğul olan radikal şiələrdən biri Namiq Babaxanovdur. O, 2010-cu ildən Kiyevə köçüb və orada dini fəaliyyətlə məşğul olmaqdadır.  "Əhli-Beyt" cəmiyyətinin fəal üzvü olan N.Babaxanov, orada yaşayan dindar  azərbaycanlılar arasında böyük nüfuza malikdir. Facebook -da iranmeyilli həyat tərzini təbliğ edən N.Babaxanov müxtəlif dini məclislər  təşkil edir və bu məclislərə mütəmadi olaraq İrandan tanınmış ruhanilər dəvət olunur.  N.Babaxanovun İranın Ukraynadakı səfirliyi ilə sıx əlaqələri mövcuddur. N.Babaxanov habelə YouTube-də "Kanal 12" adlı profil yaradaraq mütəmadi olaraq orada dini mövzularda videolar paylaşmaqdadır.

Göründüyü kimi, əsasən keçmiş sovet respublikaları ərazisində azərbaycanlıları özünə sosial baza kimi görən İran xüsusi xidmət orqanları onların köməyi ilə öz proksilərini, yaxud gələcəkdə Tehranın siyasi maraqlarını həyata keçirmək üçün Suriya, İraq, Livan, Yəmən kimi ölkələrdə olduğu kimi, silahlı terror qruplaşmalarını formalaşdırmağı hesablayır. İran hazırda öz proksiləri vasitəsilə Yaxın Şərqdə bir neçə silahlı münaqişəyə cəlb olunub, o cümlədən Livandakı güclü "Hizbullah" təşkilatı İranın regiondakı ən böyük təsir rıçağıdır. Xarici ölkələrdə proksi-ordular yaratmaq İnqilab Keşikçiləri Korpusunun əsas strategiyasıdır və bu strategiyanın banisi 2020-ci ilin əvvəlində Bağdad yaxınlığında ABŞ pilotsuz təyyarəsinin raket zərbəsi ilə öldürülən general Qasım Süleymani idi.

Bu günlərdə SEPAH-ın "Hatam əl-Anbiyə" hava hücumundan müdafiə bazasının komandanı, general Qulaməli Rəşid fəxrlə bildirmişdi ki, İslam Respublikasının ölkə hüdudlarından kənarda "altı ordusu" var. Və İranın xaricdə yaratdığı "ordular" indi İslam  Respublikasına işləyir.

General bu xarici orduların Livandakı "Hizbullah"dan, Fələstindəki HƏMAS və "İslami cihad"dan, Suriyadakı iranyönümlü qruplaşmadan, İraqdakı "Həşdi əş-Şaabi" qruplaşmasından və Yəməndəki husilərin "Ənsar Allah" qruplaşmasından ibarət olduğunu xatırlatmışdı.


Geri qayıt