Əsas Səhifə > Dünya > XİN sözçüsü: "Çin Hindistanla sərhədə əlavə qoşun yerləşdirir"

XİN sözçüsü: "Çin Hindistanla sərhədə əlavə qoşun yerləşdirir"


1-10-2021, 14:02
 "Çin Şərqi Ladakh bölgəsində Hindistanla sərhəddə hərbi gücünü artırır".

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirib.

Onun sözlərinə görə, Hindistan da Çinin bu addımına qarşı cavab tədbiri görməyə məcbur olacaq.

“Çin sərhədyanı rayonlarda qoşunlarının və silahlılarının sayını artırır. Hindistanın təhlükəsizlik maraqlarının müdafiəsini tam təmin etmək üçün Çinin bu addımına qarşı bizim silahlı qüvvələrimiz cavab tədbiri görməyə məcbur olub”, - Arindam Baqçi yerli “Hindu” qəzetinə müsahibəsində bildirib.

XİN sözçüsü deyib ki, Hindistanla sərhəddə Şərqi Ladakhda hərbi gərginliyin artmasının məsuliyyətini Çin hakimiyyətinin daşıdğını bildirib.

Xatırladaq ki, Ladakh rayonunda Çinlə Hindistan arasında gərginlik tez-tez olur. 2020-ci ilin yazında Çin hərbçiləri hindistanlı sərhədçiləri saxlayıb, daha sonra azad etmişdilər. Hadisə iki ölkə arasında yerləşən Ladakh adlı yüksək dağlıq regionda baş vermişdi. Çin hərbçiləri Hindistan əsgərlərinin silahlarını müsadirə ediblər, ancaq sonradan geri qaytarıblar. Gərgin vəziyyət Hindistan və Çin komandanlığının nümayəndələri arasında baş tutan görüşdən sonra stabilləşmişdi. Buna baxmayaraq, Hindistan Çin ilə sərhədi əvəz edən Ladakhdakı nəzarət xəttinə bir neçə piyada batalyonu göndərmişdi.

Həmin hadisədən bir neçə gün əvvəl iki ölkə arasındakı sərhəd rayonları yaxınlığında Çinə məxsus helikopterlər peyda olandan sonra Hindistan qırıcılarını havaya qaldırmışdı.

Mübahisəli ərazilərə görə Hindistan və Çin arasında ilk silahlı qarşıdurma 1962-ci ildə qeydə alınıb. Rəsmi Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır.

Son illərdə iki ölkə arasındakı ən ciddi qarşıdurma 2017-ci ilin yayında Çindən gələn işçilər Çin, Hindistan və Butan sərhədlərinin yaxınlığında yerləşən dağlıq ərazidə, mübahisəli Doklam yaylası üzərindən magistral yol çəkməyə başladığı zaman meydana gəlmişdi.


Geri qayıt