Əsas Səhifə > REGİON > “Əsrin müqaviləsi”nin imzalanması ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir

“Əsrin müqaviləsi”nin imzalanması ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir


16-09-2021, 23:56
 Şamaxı, Şabran, Sumqayıt, Zaqatala rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 27-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və neft strategiyası" mövzusunda videokonfrans keçirilib. 
Şəffaflıq.az xəbər verir ki,tədbirdə Milli Məclisin deputatları Tamam Cəfərova və Sadiq Qurbanov, rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev konfransı açaraq, Ulu Öndərin müəllifi olduğu neft strategiyasından danışıb, onun Azərbaycanın firavan gələcəyinin təminatı kimi əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan “Əsrin müqaviləsi” respublikamızın tarixinə qızıl hərflərlə həkk olunub. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Müqavilənin hazırlanmasının fəal iştirakçılarından biri də Prezident İlham Əliyev olub. Həmin vaxt ARDNŞ-in birinci vitse-prezidenti olan İlham Əliyevin dediyi kimi, bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir.
Sonra Milli Məclisin deputatı Sadiq Qurbanov “Zəfər yolumuz “Əsrin müqaviləsi”ndən başlandı” mövzusunda çıxış edib. Bildirib ki, 1994-cü il sentyabrın 20-də bağlanan “Əsrin müqaviləsi” ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Videokonfransda Şamaxı, Zaqatala, Sumqayıt Heydər Əliyev mərkəzlərinin direktorları Könül Eyvazova, Famil Rəhimov və Vüsalə Qurbanova mövzu ilə bağlı çıxış ediblər.AZƏRTAC

Geri qayıt