Əsas Səhifə > Hadisə / REGİON / Cəmiyyət > Şamaxı rayonu, Avaxıl kəndindəki "Qoşa Bulaq" restoranında baş vermiş -
Şamaxı rayonu, Avaxıl kəndindəki "Qoşa Bulaq" restoranında baş vermiş -16-09-2021, 12:21 |
Şamaxı rayonu, Avaxıl kəndi ərazisində "Qoşa Bulaq" adlanan restoranda insident baş vermişdir. Bu gün - 16.09.2021-ci il tarixdə Şamaxı rayonu, Avaxıl kənd sakini Nərimanov Qiyafəddin Qəşəm oğlu adında şəxs "Şəffaflıq" qəzetinin redaksiyasına gələrək ərizə ilə müraciət etmişdir. O, ərizəsində bildirmişdir ki, 13.09.2021-ci il tarixdə, təxminən saat 18.00 radələrində Şamaxı rayonu, Avaxıl kənd İcra nümayəndəsi Elxan Qədimli öz mobil telefonundan Qiyafəddinə məxsus mobil nömrəyə çoxsaylı zənglər edərək həmin gün kəndin ərazisində özünə məxsus “Qoşa Bulaq” restoranında onunla görüşməyini təkid edib. Səbəbini soruşanda telefon söhbəti olmadığını bildirib. Beləliklə, Qiyafəddin Nərimanov Avaxıl kəndi ərazisində yerləşən Elxan Qədimliyə məxsus “Qoşa Bulaq” restoranına dostları ilə birgə avtomobillə gedib. Dostları maşında gözləyəsi olublar, o, özü isə çağırılan restorana daxil olub. Elxan Qədimli onun maşınla və başqa yoldaşlarla gəldiyini görüb ona deyib ki, həmin şəxslər gözləməsinlər, çıxıb buradan getsinlər. Qiyafəddin Nərimanov daha sonra yazır ki, Elxan Qədimli belə ifadələr işlədərkən onun tam sərxoş vəziyyətdə olduğunu hiss edib. Cavabında o, Elxan Qədimliyə "axşamdır, mal-qaranın gələn vaxtıdır, işi-gücü var, tez nə sözün var de, mən də maşınla tez getməliyəm" deyib. Belə cavab Elxan Qədimlinin aqressiyasına səbəb olub və özünün restoranında onunla çox kobud formada danışmağa başlayıb. Şikayətçi yazır ki, Elxan Qədimli onunla mübahisəyə başlayıb ki, tez ol onları yola sal çıxıb getsinlər və onunla təkbətək söhbət etmək istədiyini bildirib. Elxan Qədimli əlavə edib ki, otur burada, əgər oturmasan bu qənddanı sənin başına vuracağam. Sənin işin-gücün, evin-eşiyin, mal-qaran mənim üçün önəmli deyil, deyə o bildirib. Bunu deyə-deyə o, dərhal qənd qabını götürüb Qiyafəddin Nərimanova ciddi xəsarət yetirmək məqsədilə böyük sürətlə onun üzərinə (baş nahiyəsinə) atıb. Xoşbəxtçilikdən, şikayətçi cəld başını aşağı əydiyinə görə xəsarət almadığını yazıb. Elxan Qədimli atdığı qənd qabının ona dəymədiyini görüb daha da hirslənib Qiyafəddinin üstünə hücum çəkərək əynindəki köynəyini cırıb tam yararsız hala salıb. Qiyaffədin yazır ki, o, Elxan Qədimliyə məxsus restoranda onun əlindən çıxıb uzaqlaşmağa çalışırmış. O, daha sonra bildirir ki, Şamaxı rayon, Avaxıl kənd İcra nümayəndəsi Elxan Qədimli çox yüksək səs tonu ilə ona söyüş söyməkdə davam edirdi. Yaranmış səs-küyü eşidən bayırda avtomobildə onu gözləyən yoldaşları həmin restorana gəliblər və bu dava-dalaşa müdaxilə edərək onu Elxan Qədimlinin əlindən alıb maşına mindirib gediblər. Bunu görən Elxan Qədimli telefonla ikinci Qarabağ Müharibəsi iştirakçısı olan qardaşı Nərimanov Dadaş Qəşəm oğluna zəng edərək həm onu, həm də Qiyafəddinin ünvanına nalayiq söyüşlər söymüş, şərəf və ləyaqətlərini alçaltmışdır. Qardaşı səbəbini ondan soruşarkən o yenə öz nalayiq söyüşlərini davam etdirmişdir. Sözünün sonunda Elxan Qədimli Qiyafəddinin qardaşına demişdir ki, “Sizin ata-babalarınız bizə tabe olublar, bu gün də siz mənə tabesiniz və həmişə mənim şəxsi əmrlərimə tabe olmalısınız”. Şikayətçi Qiyafəddin Nərimanov öz ərizəsində qeyd edir ki, onun qardaşı Dadaş Nərimanov ikinci Qarabağ Müharibəsində yaralanmış və hərbi hospitalda stasionar müalicə kursu keçməklə sağalıb yenidən döyüşdə fədakarlıq göstərmiş şəxsdir. Bu fədakarlığına görə o, Ölkə Rəhbəri Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2 dəfə (Qubadlının və Laçının azad edilməsinə görə) medalla təltif olunmuşdur. Onun qardaşı D.Nərimanov öz zəhməti ilə dolanan adamdır. O heç kimdən heç nə ummur, sadəcə olaraq həm özünün, həm də mən qardaşının hüquqlarının qorunmasını, haqq-ədalətin bərpa olunmasını tələb edir. Beləliklə, baş vermiş hadisə ilə əlaqədar Qiyafəddin Nərimanov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək şikayət etdiyini yazıb. Eyni zamanda o, Şamaxı rayon İcra Hakimiyyətinə və Şamaxı rayon Prokurorluğuna şikayətlər etmiş, 102 Xidmətinə etdiyi zənglə bağlı Şamaxı Polis Şöbəsinə də rəsmi şikayət ərizəsini təqdim etdiyini yazmışdır. O, bildirib ki, Şamaxı rayonu, Avaxıl kənd icra nümayəndəsi Elxan Qədimli kobuddur və kənd sakinləri ilə çox pis rəftar edir. İş başında əksər hallarda sərxoş vəziyyətdə olur, danışığında daima söyüş işlədir, çox təkəbbürlüdür. Müxalifətçi olduğundan hazırki hakimiyyətdən və dövlətdən narazılığını “bu hakimiyyət yıxılmasa ölkədə vəziyyət düzəlməyəcək və sayr” sözlərini açıq şəkildə deyir. Onun bir neçə partiya bileti vardır, hazırda gözə kül üfürmək üçün YAP-ın partiya biletindən sui-istifadə edir. Əgər kənd camaatı arasında sorğu keçirilsə, əksəriyyət ondan ciddi narazılığını bildirər. O, özünün çirkin əməlləri və kobud danışıqları ilə və özü də məqsədli şəkildə gənclərin şəxsiyyətlərini alçaldır, onların dövlətdən narazı qalmasına və bu narazılığın çox kəskin artmasına çalışır. Qatı müxalifətçi olduğundan ölkəmizdə hazırki hakimiyyətə qarşı inqilab baş verməsini arzulayan və bu yöndə təbliğat aparan şəxsdir. Həyatda heç nədən qorxmadığını və odur ki, kefi nə və necə istəyirsə elə də etdiyini dilə gətirir - deyə o bildirdi. Özünü apara bilməyən, qoçuluq və xüliqanlıq edən Şamaxı rayon Avaxıl kənd İcra Nümayəndəsi vəzifəsini tutmuş Elxan Qədimlinin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması üçün aidiyyəti orqanlara müraciətlər etdiyini də bizə bildirdi. Sonda ərizəçi "Şəffaflıq" qəzetinin rəhbərliyindən, özünü apara bilməyən icra orqanının vəzifəli şəxsi Elxan Qədimlinin qanunsuz əməlləri barədə bu müraciətini qəzetimizin elektron saytında dərc edərək ictimailəşdirməyimizi xahiş etmişdir. Bu məsələ ilə əlaqədar redaksiyamız qarşı tərəfin də mövqeyini dinləməyə hazırdır. Şəffaflıq.az Geri qayıt |