Əsas Səhifə > REGİON > Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək12-09-2021, 21:34 |
Sentyabrın 12-də Ağdam sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti səfəri təşkil edilib. Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar. Şəffaflıq.az xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlıları doğma şəhərlərində salamlayıb. Bildirib ki, məcburi köçkünlər 30 ilə yaxındır doğma yurdlarına gəlmək həsrəti ilə yaşayırdılar. İşğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi nəticəsində bu həsrətə son qoyuldu. Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda inkişaf, quruculuq dövrü başlayıb. Ağdamlıların doğma şəhərlərinə səfərlərinin təşkil edilməsi böyük qayıdışın bir hissəsidir. Tezliklə Ağdam yenidən qurularaq regionun ən gözəl, müasir bir şəhərinə çevriləcək və ağdamlılar öz şəhərlərində əbədi yaşayacaqlar. Səfər iştirakçıları Ağdam şəhərinin Baş planı ilə tanış olublar. Onlara Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Ağdamlılar doğma şəhərlərində aparılacaq işlərdən məmnunluqlarını ifadə edib, fikir və təkliflər səsləndiriblər. Ağdam sakinləri daha sonra Cümə məscidini, İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrının qalıqlarını ziyarət ediblər. Şəhərin gəzintisi zamanı onlara həyata keçiriləcək yenidənqurma işləri barədə məlumat verilib. Ağdamlılar səfər çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar. Qeyd edək ki, Ağdam sakinlərinin doğma şəhərlərinə ilk səfəri sentyabrın 5-də təşkil olunub.AZƏRTAC Geri qayıt |