Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub.-FOTO

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub.-FOTO


10-09-2021, 21:01
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Vüsal Dəmirovun  doğum günü Şəhidlər xiyabanında, məzarı yanında mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. 

Şəffaflıq.az xəbər verir ki,Şəhidin ailəsi ilə bərabər, Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin və RGİİ-nin əməkdaşları, döyüş yoldaşları, həmçinin şəhid ailələri tərəfindən onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Rayon rəhbəri 44 günlük Zəfər yürüşündə qazanılan qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığını vurğulayıb. Bildirib ki, 30 illik Vətən həsrətinə son qoyan qəhrəmanlarımız gələcək nəsillərə örnək olacaq.
 Çıxış edənlər Vüsal Dəmirovun keçdiyi qısa və mənalı həyat yolundan söz açaraq, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin dəfn olunduqları yerlər and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini  bildiriblər. 
 Daha sonra tədbir İsmayıllı Olimpiya Kompleksində davam edib. Belə ki, şəhid Vüsal Dəmirovun xatirəsinə həsr olunmuş yeniyetmə və azyaşlılar arasında cüdo üzrə açıq rayon birinciliyində qalib gələn idmançıların təqdimat mərasimi keçirilib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbirdə çıxış edənlər  V.Dəmirovun uzun illər cüdo idman növü üzrə məşğul olduğunu və onun uğurlarını qeyd ediblər. Sonda qaliblərə diplom  və medallar təqdim edilib.

Mərasim şəhidin doğulduğu evdə davam edib. Rayonun rəhbəri şəhidin xatirəsinə həsr olunmuş guşə ilə yaxından tanış olub. Sonra  İ.Həsənov  adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər. Sonda şəhidin valideyni şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Vüsal döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Geri qayıt